Ronaldo və Messi bir oyunda rekord vurdular
9.10.2012

"Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldo daha bir rekorda imza atıb.

Portuqaliyalı futbolçu "El Klassiko" tarixinə düşüb.

La Liqanın sonuncu turu çərçivəsində səfərdə "Barselona" ilə görüşdə 2 qola imza atan Ronaldo ardıcıl 6 "El Klassiko"da fərqlənən ilk oyunçu olub.

27 yaşlı futbolçu son 6 "El Klassiko"da fərqlənməklə "Real"ın sabiq futbolçusu İvan Zamoranonu geridə qoyub. 1992-1996 illərdə "Real"ın şərəfini qorumuş Zamorano ardıcıl 5 "El Klassiko"da rəqib qapıya yol tapmışdı.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu 2:2 hesabı ilə başa çatmışdı.

"Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi "Nou Kamp" stadionunda vurduğu qolların sayına görə rekordçu olub. Anspress-in məlumatına görə, Messi "Barselona"nın tarixində "Nou Kamp" stadionunda 100 qol həddini aşan ilk futbolçu olub.

Lionel Messi İspaniya çempionatının son turunda "Real"a qarşı keçirilən və 2-2 hesabı ilə bitən matçda 100-cü qoluna imza atıb. Bundan başqa, Lionel Messi "Real"la qarşılaşmada 2 qol vuraraq "El-Klassiko"da 17 qola imza atmış olub.

Lionel Messi "Barselona"-"Real" matçında daha bir qola imza atmaqla əfsanəvi Alfredo Di Stefanonun rekordunu yeniləmiş olacaq.

Milli.Az