Bu gün Bakıda Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyil:
“Azərbaycan İslam ölkəsidir, ölkə ərazisində İslam dəyərlərini özündə əks etdirən mədəniyyət abidələri var. Azərbaycan tolerant ölkədir. Ölkədə ayrı-ayrı dinlərə mənsub insanlar da sərbəst şəkildə yaşayırlar. Ölkədə 2 mindən çox məscid fəaliyyət göstərir. Hesab edirik ki, İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçiriləcək”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanın bu cür oyunları təşkiletmə təcrübəsi var:
“Avropa Oyunlarının keçirilməsi bir sınaq idi, Azərbaycan bu sınaqdan çıxa bildi. Qarşıda İslam Həmrəyliyi Oyunları baş tutacaq. Bu məsələ Prezdent İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Azərbaycan bu oyunlara hazırdır. Avropa Oyunlarında könüllülər peşəkarlıq nümayiş etdiriblər. Könüllülərlə iş aparılır. Çünki ölkəyə gələn əcnəbilərə dolğun məlumatlar verilməlidir, onların sualları cavablandırılmalıdır. Bu cür oyunlar ölkənin tanıdılmasına xidmət edir”.
Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov da İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışaraq qeyd edib ki, İslam dini ilə bağlı həmrəyliyə ehtiyac var:
“Azərbaycan bu istiqamətdə işini davam etdirir”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə təmsil etdiyi qurumun bu istiqamətdə gördüyü işlərlə bağlı məlumat verib:
“İslam Həmrəyliyi Oyunlarının işıqlandırılması üçün 1000-dən artıq yerli və xarici mətbuat orqanı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib, onların əksəriyyəti akkreditisayadan keçirilib. Bunların da 200-ə qədəri ərəb ölkələrini əhatə edir. Xarici İşlər Nazirliyi İslam Həmrəyliyi Oyunları ilə bağlı üzərinə düşən işləri görür. Bilirsiniz ki, burada əsas iş viza məsələsidir. İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçən iştirakçıları, azarkeşləri ölkəyə vizasız gələ biləcəklər”.
H.Hacıyev bildirib ki, bu il Azərbaycanın İslam ölkələri ilə diplomatik əlaqələrinin 25 illiyi qeyd olunur:
“Müstəqillik əldə etdikdən sonra ölkəmiz İslam ənənələrinə sadiq qalaraq bir sıra addımlar atdı. Bu baxımdan bir sıra beynəlxalq təşkilatlara qoşuldu. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən ərəb ölkələri birmənalı olaraq Azərbaycana dəstək verdi. Bu da mövcud əlaqələrin göstəricisidir”.
Daha sonra tədbirdə bir neçə deputat da çıxış edərək, müzakirə olunan mövzunun əhəmiyyətindən danışıblar.
axar.az