Vahid Mustafayevin "Xoca" filmi Türkiyənin Antalya şəhərində bu il 49-cusu keçirilən Beynəlxalq "Qızıl portağal" film festivalında nümayiş etdirilib.
Antalyanın mərkəzindəki ən böyük kinoteatrlardan olan 300 nəfərlik "Aksin Plaza"da xüsusi nümayişlə tamaşaçılara təqdim edilən "Xoca" filmi Qarabağ münaqişəsi haqqında yaxşı məlumatlı olan türklərin böyük marağına səbəb olub. Filmin təqdimatı anşlaqla keçib.
"Xoca" filminin nümayişindən sonra ANS Şirkətlər Qrupunun prezidenti, filmin rejissoru Vahid Mustafayev çıxış edib. O, filmdə müharibənin acı tərəflərini göstərdiyini deyib.
V. Mustafayev Xocalı hadisələrinin Azərbaycan xalqının ən ağrılı yarası olduğunu dilə gətirib. "Bu gün dünyanın bir çox yerində savaş var, ya da savaşa başlamaq ərəfəsindədirlər. Bu film təkcə Azərbaycan xalqının yaralı yeri deyil. Film Türkiyə üçün də maraqlıdır".
Rejissor filmin Türkiyədən sonra Qahirə, ABŞ və daha sonra Avropa ölkələrində nümayiş etdiriləcəyini deyib.
Filmi izləyənlər isə Azərbaycan xalqının yaşadıqlarının filmdə çox gözəl göstərildiyini və yaşanan hadisələrlə bağlı çox təssüfləndiklərini bildiriblər. Onlar azərbaycanlıların başına gətirilənlərdən dəhşətə gəldiklərini deyiblər.
Qeyd edək ki, film böyük marağa və diqqətə səbəb olub. Kinoteatrda filmi izləyənlər arasında Türkiyə vətəndaşları ilə yanaşı, Belarusun Antaliyadakı fəxri konsulu, eləcə də Azərbaycan vətəndaşları olub.
"Xoca"nı izləmək üçün nəinki Antalyadan, hətta Türkiyənin başqa şəhərlərindən,yaxın regionlardan da insanlar kinoteatra axın ediblər. Tamaşaçıların çoxluğunu nəzərə alan təşkilatçılar festival çərçivəsində filmin bu gün yenidən nümayiş olunması haqqında qərar veriblər.
Böyük marağa səbəb olan film oktyabrın 10-da da adıçəkilən kinoteatrda nümayiş etdiriləcək. Artıq ayın 10-na olan nümayiş üçün filmin bütün biletləri bitib.
Xatırladaq ki, Film Əliəkbər və Günelin timsalında iki gəncin sevgisinin keçdiyi ağır imtahanı, müharibənin ən bəşəri hisslərə vurduğu dağıdıcı zərbəni, Bakıda toy və satqınlıq, Xocalıda soyqırım və şücaətin kəskin kontrastını özündə əks etdirir.
Türkiyədə də azərbaycanlıların başına gətirilən bu soyqırım haqqında məlumata malikdirlər. Belə ki, 2012-ci il fevralın 26-da faciənin 20 illiyi münasibəti ilə Türkiyədə minlərlə insanın iştirakı ilə Xocalıya aid böyük yürüş keçirilib. Məhz buna görə də bu film türklərin gözlədiyi filmlərdəndir.
"Qızıl portağal" dünyanın nüfuzlu film festivallarından biri hesab edilir. Hər il burada dünyanın məşhur kino xadimləri və ulduzları iştirak edir.
ANS PRESS