"Hazırda Dövlət İmtahan Mərkəzi vakant dövlət qulluğu vəzifələrinə namizədləri seçmək üçün müsabiqənin keçirilməsinə hazırlıq işləri aparır".
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.
Onun sözlərinə görə, dövlət qulluğuna qəbul üçün olan müsabiqənin, eləcə də test və müsahibə mərhələsinin keçirilməsində bir sıra dəyişikliklər edilib: "Normativ-hüquqi baza tam formalaşmadığına görə bütün normativ-hüquqi aktların qəbul olunmasını gözləyirik".
"Bir sıra dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə əvvəl həmin orqanda çalışmış şəxslər dövlət qulluqçusu statusunu itirir və publik hüquqi şəxs kimi əmək müqaviləsi əsasında çalışırlar"- deyən sədr müavini qeyd edib ki, vakant vəzifələri qanunvericiliyə uyğun olaraq bütün dövlət orqanları DİM-ə təqdim edirlər: "Biz onları emal edirik, müsabiqənin keçirilməsi üçün hazırlıq işləri aparırıq. Çünki yalnız vakant vəzifəni elan vermək kifayət deyil. Bütün vakant vəzifələrinin tutulması şərtləri göstərilməlidir".
O bildirib ki, namizədləri xüsusi bilik və bacarıqlarına dair tələbləri yerinə yetirməlidirlər: "Vəzifə təlimatları tam olmalıdır ki, bizim vətəndaşlar da seçim aparanda hər şeyi dəqiq və tam aydın şəkildə görsünlər. Eyni zamanda nə işlə məşğul olacaqlar və həmin vakant vəzifələnin tutulmasına hansı tələblər qoyulduğunu bilsinlər. Müsahibə qaydalarında və qanunda dəyişikliklər olub. Hazırda müsahibənin keçirilməsi qaydaları müvafiq orqanlara təqdim olunub və biz bu yaxınlarda həmin qaydaların təsdiq olunmasını gözləyirik. Dəyişikliklər elə də çox deyil. Əvvəllər müsahibə komissiyası ən azı 3 nəfərdən ibarət idi. Dəyişiklikdə nəzərdə tutulub ki, üzvlərin sayı 5 olsun".
report.az