Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə "Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və yaradıcılığından danışıb. Akademiya rəhbəri Ağamusa Axundovun dilçilik elminin klassiklərindən olduğunu, gənc yaşlarından elmlə yanaşı, pedoqoji fəaliyyətlə məşğul olduğunu, alimlər nəsli, böyük tələbə ordusu yetişdirdiyini diqqətə çatdırıb. A.Axundovun elmi dairələrdə böyük hörmətə, nüfuza malik olduğunu deyən akademik vurğulayıb ki, o, təkcə görkəmli alim yox, həm də dəyərli ziyalı idi.
"Akademik Ağamusa Axundov haqqında söz" adlı məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli A.Axundovun apardığı tədqiqatlar sayəsində ölkəmizdə dilçilik məktəbinin formalaşdığını bildirib. Görkəmli alimin elm tariximizdə ilk dəfə olaraq 32 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi aldığını qeyd edib: "Bu, təkcə Azərbaycan elmində deyil, keçmiş Sovetlər İttifaqı miqyasında da nadir hadisələrdən biri idi. Əslində Ağamusa Axundov namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə etməklə elmdə öz sözünü demişdir".
AMEA-nın vitse-prezidenti vurğulayıb ki, A.Axundovun ədəbiyyatşünaslıq fəaliyyəti elmimizdə ənənəvi dilçi-ədəbiyyatşünaslığın yeni səhifəsidir. Alimin tədqiqatları ədəbiyyat nəzəriyyəsinin ciddi problemlərinin həllinə yönələn yüksək nəzəri səviyyəsi ilə fərqlənən əhəmiyyətli elmi əsərlərdir.
Konfransda Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun "Görkəmli dilçi-alim, akademik Ağamusa Axundov" adlı məruzəsi dinlənilib. M.Nağısoylu qeyd edib ki, müasir Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən sayılan akademik Ağamusa Axundov çoxşaxəli zəngin yaradıcılığı ilə dilçilik elmimizin inkişafında mühüm rol oynayıb, öz elmi məktəbini yaradıb.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Qazaxıstan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, professor Erden Kajibekov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin rəhbəri, akademik Teymur Bünyadov, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Misirin Eyn-Şəms Universitetinin professoru Məhəmməd Haridi, Türkiyənin Hacettepe Universiteti Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Şükrü Haluk Akalın çıxış edərək akademik Ağamusa Axundovun elmi fəaliyyətindən və onunla bağlı xatirələrindən danışıblar. Təşkil olunan telekörpü vasitəsilə xarici alimlər A.Axundov haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, A.Axundov 22 il Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən A.Axundov eyni zamanda Akademiyanın yeni təşkil olunmuş Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi təyin olunub. 6 il sonra o, AMEA-nın həqiqi üzvü, həmçinin ikinci dəfə rəhbərlik etdiyi bölmənin akademik-katibi seçilib.
Görkəmli alim 36 kitab, 500-ə yaxın məqalə müəllifi olub.
publika.az