Avropanın 33 ölkəsinin gənc psixoloqları Qaxda bir araya gəliblər
24.4.2017

Azərbaycan ilk dəfə olaraq Avropa Tələbə Psixoloqlar Assosiasiyası Federasiyanın (EFPSA) konqresinə ev sahibliyi edir. “Gənc Psixoloqlar” İctimai Birliyinin və “ASAN Könüllüləri” təşkilatının tərəfdaşlığı ilə Qax rayonunda reallaşan 31-ci konqresə Avropanın 33 ölkəsindən 300-dək gənc psixoloq, həmçinin professor-müəllim heyəti qatılıb.

Aprelin 24-də “El Resort” otelinin Konfrans Mərkəzində EFPSA-nın 31-ci konqresinin açılış mərasimi olub.

EFPSA-nın baş katibi Robertas Povilaitis qurumun fəaliyyət istiqamətləri, keçirdiyi tədbirlər barədə qısa məlumat verib, müasir insanın psixologiyası haqqında təqdimatla çıxış edib.

Aprelin 30-dək davam edəcək beynəlxalq konqresdə 56 mövzu üzrə seminarlar, təlimlər təşkil olunacaq, mühazirələr dinləniləcək. İştirakçılar, həmçinin rayonun tarixi məkanlarına ekskursiya edəcək, Qaxın mədəni irsi, turizm imkanları barədə məlumatlandırılacaqlar.

Qeyd edək ki, 1987-ci ildə Portuqaliyada yaranan EFPSA 33 ölkəni və 11 minə yaxın gənc psixoloqu əhatə edir. Azərbaycan 7 ildir ki, bu təşkilatın üzvüdür. Ölkəmizi bu qurumda “Gənc Psixoloqlar” İctimai Birliyi təmsil edir.

azertag.az