Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb
24.4.2017

Tərtər rayonunda kənd təsərrüfatında, o cümlədən heyvandarlıqda məhsul istehsalı artıb.

Tərtər rayon Statistika İdarəsindən bildiriblər ki, 2017-ci ilin birinci rübündə rayonda 6526 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz çoxdur. İstehsal olunan məhsulun 35,8 min manatı bitkiçiliyin, 6490,2 min manatı isə heyvandarlığın payına düşür.

Hazırda rayonda 26 min 797 baş qaramal, 70 min 430 baş qoyun və keçi var. İribuynuzlu mal-qaranın 99,3 faizi və xırdabuynuzlu heyvanların 96,9 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarına məxsusdur.

İlin birinci rübündə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 779,2 ton ət, 5535,6 ton süd, 2580 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 15,2 faiz, yumurta istehsalı 3,4 faiz artıb.

azertag.az