İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktorunun kim olacağı bu gün müəyyənləşəcək.
Növbəti 4 ildə şirkətə kimin rəhbərlik edəcəyi Yayım Şurası üzvlərinin Milli Televiziya və Radio Şurasında keçirəcəyi iclasında məlum olacaq.
Belə ki, yeni baş direktoru Yayım Şurasının üzvləri səsvermə ilə seçəcək.
Səsvermənin gizli keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, yeni baş direktorun seçilməsi ilə əlaqədar, MTRŞ tərəfindən elan olunmuş müsabiqəyə aprelin 12-dən 22-dək 5 nəfər sənəd verib. Onlar Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızıdır.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı haqqında" qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim edilib.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə 2013-cü ildə seçilən Cəmil Quliyevin səlahiyyət müddəti bu ay başa çatıb.
report.az