“EU Reporter” portalı UNESCO-nun baş direktoru vəzifəsinə Azərbaycanın namizədi barədə yazır
26.4.2017

“EU Reporter” portalı Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyi ilə bağlı Parisdə keçirilən təqdimatı barədə məqalə yayıb.

Məqalədə Polad Bülbüloğlunun karyerası haqqında geniş məlumat verilir. Onun UNESCO baş direktoru vəzifəsinə seçiləcəyi təqdirdə bu quruma üzv dövlətlər, milli komitələr, özəl sektor, vətəndaş cəmiyyəti, QHT-lər, çoxsaylı tərəfdaşlarla konstruktiv çərçivədə fəaliyyət göstərəcəyi bildirilir.

P.Bülbüloğlu bildirib ki, UNESCO-nun fəaliyyətinin səmərəliliyi bir çox normativ göstəricilər vasitəsilə qiymətləndirilməlidir. Qurumun hər bir proqram və layihələri nəzərdən keçirilməli və nəzarətdə saxlanılmalıdır. Bu, mənbələrdən daha rasional və səmərəli istifadə etməyə imkan verəcək.

Azərbaycanın namizədi irqi, dini fərq qoymadan hər kəsə təhsil almaq üçün bərabər imkanların yaradılmasının əhəmiyyətinə toxunub, mədəni irsin qorunub saxlanmasının vacibliyini qeyd edib.

Məqalədə təqdimatın sonunda Polad Bülbüloğlunun əsrarəngiz ifasının bütün iştirakçıları heyran etdiyindən söz açılır. Müəllif azərbaycanlı namizədi tanıdıqdan sonra UNESCO-nun baş direktoru vəzifəsinə hər hansı başqa namizədin təsəvvür edilməsinin çətin olduğunu vurğulayır.

Yazıda ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimovla müsahibə də yer alıb. Anar Kərimov Azərbaycanla UNESCO arasındakı münasibətlərin tarixinə toxunub, bu haqda geniş məlumat verib.

O bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri olduqdan sonra qurumla ölkəmiz arasındakı əlaqələr daha da möhkəmlənib. Onun fəaliyyəti nəticəsində UNESCO-da mühüm layihələr həyata keçirilib. Səfir təhsilin inkişafı, mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviqi sahəsində görülən işlərdən söz açıb.

Anar Kərimov UNESCO-nun baş direktoru vəzifəsinə Azərbaycanın namizədi haqqında ətraflı məlumat verərək, bu vəzifəyə lazım olan bütün keyfiyyətlərin onda cəmləşdiyini diqqətə çatdırıb. O, qurumun üzləşdiyi çətinlikləri, qarşıda duran vacib məsələləri vurğulayıb, bugünkü mürəkkəb dünyada multikulturalizmin, mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırıb.

azertag.az