Filologiya elmləri doktoru, professor Vaqif Sultanlının seçilmiş əsərlərindən ibarət “Kor düyün” (A Blind Tie. Selected Works) adlı kitabı ABŞ-da (Rossendale books, Raleigh, NC, 2017) çap olunub.
Yeni nəşrə müəllifin “İnsan dənizi” romanı, “Ölüm yuxusu” povesti və müxtəlif dövrlərdə qələmə aldığı hekayələri daxildir. İngilis dilinə Cavid Abbasov tərəfindən tərcümə edilən kitabın redaktoru Michael Brannokdur.
Nəfis şəkildə hazırlanmış 400 səhifədən ibarət kitab müəllifin ingilis oxucularına təqdim olunan ilk kitabı deyil. Bundan öncə, yazıçının nəsr əsərlərindən ibarət kitabları İngiltərə, ABŞ və Danımarkada nəşr olunaraq “Müasir Azərbaycan nəsri” antologiyası (2012, 2014) ingilisdilli oxuculara təqdim edilib.
Müəllifin yaradıcılığında xüsusi yer tutan “İnsan dənizi” romanında sovet siyasi rejimi dönəmində məhkum olduğu ölüm cəzasından qurtularaq yad bir şəhərdə gizli ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin əxlaqına və mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb. Real hadisələrlə şərti-metaforik üslubun qovuşuğunda təsvir olunan “Ölüm yuxusu” povestində isə məzarlığın köçürülməsi problemi insanların sosial-mənəvi həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır.
Kitaba daxil edilmiş “Səhər duman”, “Vətən”, “Mağara”, “Qütb gecəsi”, “Kor düyün”, “İlğım”, “Yad”, “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Tərs axın”, “Kül qəfəs” hekayələri mövzu, problem, üslub və yazı tərzi ilə seçilməkdədir.
Bütövlükdə kitaba daxil edilən əsərləri birləşdirən ümumi aspekt onların cəmiyyətə hakim olan mənəviyyatsızlaşma, yaddaşsızlaşma, biganələşmə probleminə etiraz ruhunun qabarıqlığı ilə seçilməsidir.
Kitabı www.amazon.com saytından sifariş yolu ilə əldə etmək olar.
azertag.az