“Tarix yazan xanımlarımız - keçmişdən bugünədək” kitabının təqdimatı olub
26.4.2017

Aprelin 25-də Beynəlxalq Mətbuat Mərkəzində Samirə Zeynallının “Tarix yazan xanımlarımız - keçmişdən bugünədək” kitabının təqdimatı keçirilib.

Kitabda məmləkətimizin tərəqqisində məxsusi xidmətləri olan müasir Azərbaycan qadınları ilə yanaşı, ötən dövrlərdə yaşamış, ictimai-siyasi həyatda mübarizə və müharibə meydanlarında fədakarlıq nümayiş etdirən xanımlarımız haqqında dəyərli məlumatlar yer alıb.

Təqdimat mərasimində kitabın rəyçilərindən olan şair, türkoloq, fəlsəfə doktoru, Əməkdar Jurnalist Adil Cəmil çıxış edərək nəşri ciddi əməyin, gərgin axtarışların bəhrəsi kimi dəyərləndirib.

Bildirilib ki, kitabda Azərbaycan elminə, mədəniyyətinə, səhiyyəsinə, ümumiyyətlə xalqımızın tarixi keçmişinə və bu gününə öz böyük əməlləri ilə töhfə vermiş xanımlarımızın həyat yol geniş aspektdə işıqlandırılıb.

Adil Cəmil deyib ki, onunla yanaşı, AMEA-nın müxbir üzvi, Milli Məclisin deputatı Nizami Cəfərov da kitabın rəyçilərindəndir.

Kitabın ilk səhifələri ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınına verdiyi böyük dəyər və unudulmaz fikirlərlə açılır.

A.Cəmil deyib ki, bu son deyil, hələ Azərbaycan qadınının tarixi qəhrəmanlı salnaməsi haqqında çox kitablar yazılacaq və müəllif də bu istiqamətdə işlərini davam etdirəcək.

Tədbirdə kitabın redaktoru, yazıçı-publisist Mahir Nemətoğlu, tanınmış şair Ağacəfər Həsənl, yazıçı, kulturoloq Aydın Xan və başqaları çıxış edərək kitabın məziyyətlərindən söz açıblar.

Diqqətə çatdırılıb ki, kitabda AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun da Leyla Əliyevaya həsr etdiyi məqalə yer alıb.

Natiqlər “Azərbaycan” nəşriyyatının mətbəəsində yüksək poliqrafik üslubda çap olunan 426 səhifəlik bu nəşrin böyük oxucu marağına səbəb olacağına əminliklərini ifadə ediblər.

Bütün iştirakçılara minnətdarlığını bildirən müəllif oxucularla ilk görüşü olan bu kitabın üzərində bir ildən çox işlədiyini və hazırda digər layihələr üzərində çalışdığını söyləyib.

azertag.az