"Azəravtoyol" beynəlxalq sərgidə iştirak edir
26.4.2017

“Azəravtoyol” ASC Bakı Ekspo Mərkəzində təşkil olunan 7-ci Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2017" sərgisində iştirak edir.

Bu barədə qurumdan məlumat verilib.

“Azəravtoyol” ASC-nin sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

26-28 aprel tarixləri arasında davam edəcək "Road&Traffic 2017" sərgisinin məqsədi yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və digər sahələrdə problemlərin həlli yollarının inkişaf etdirilməsidir.

Bu il “Road&Traffic” sərgisi dünyanın 11 ölkəsini - Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Belarus, Çin, İsveçrə, Polşa, Rusiya, Türkiyə, Ukrayna təmsil edən 26 şirkəti bir araya toplayıb. Sərgidə yol və körpülərin layihələndirilməsi və tikintisi, yolların işarələnməsi üçün texnika və avadanlıqlar, yol maneələri, yol üçün işıqlandırma sistemləri, asfalt-beton zavodları, yol üçün geosintetik materiallar, yol-inşaat texnikası və bir sıra digər məhsullar təqdim olunur.

trend