Vyanada “ALMA” incəsənət qalereyasında gənc azərbaycanlı pianoçu Abuzər Manafzadə klassik konsert proqramı ilə çıxış edib.
Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının rəhbəri, musiqişünas Fərəh Tahirova konsertdən əvvəl bildirib ki, musiqiçi ailəsində dünyaya gələn A.Manafzadə hələ doqquz yaşında olarkən "Gənc Azərbaycan pianoçuları" müsabiqəsinə qatılıb və bu müsabiqənin qalibi olub. Bakıda ilkin musiqi təhsilinin ardınca o, Türkiyədə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında təhsil alıb. Beynəlxalq mükafatlar laureatı olan gənc pianoçu hazırda Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq üzrə magistr təhsili alır.
Konsertdə A.Manafzadə bəstəkarlar Frederik Şopen, Mauris Ravel və Lüdviq van Bethovenin ballada, şertso və sonatalarını ifa edib. Lüdviq van Bethovenin ən məşhur əsərlərindən olan "Appassionata" sonatası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tamaşaçıların təkidli xahişi ilə A.Manafzadə Azərbaycan bəstəkarlarının klassik və lirik əsərləri ilə konsert proqramını davam etdirib, konsertə öz bəstələri ilə yekun vurub.
azertag.az