Yaxın vaxtlarda Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhərində yeni ərazi idarələrinin açılması planlaşdırılır. Yeni idarələr paytaxtın Səbail, Yasamal, Nəsimi, Nizami və Suraxanı rayonlarında yerləşəcək. «APA-ECONOMICS»in məlumatına görə, bunu Komitə sədrinin müavini Rafiq Cəlilov bildirib.
R.Cəlilov qeyd edib ki, yeni ərazi idarələrinin açılması daşınmaz əmlakın dövlət qeydiyyatı prosesini asanlaşdıracaq, işi operativliyini artıracaq və vaxt itkisini minimuma salacaq.
Komitə rəsmisi həmçinin bildirib ki, bu il ərzində Azərbaycan üzrə ümumilikdə 112 min əmlak dövlət qeydiyyatına alınıb. Lakin bu sahədə rekord göstərici 2011-ci ildə qeydə alınıb – həmin il 147 min əmlakın dövlət qeydiyyatı aparılıb.
Bununla yanaşı R.Cəlilov əlavə edib ki, bu ilin may ayından etibarən ƏMDK əmlakın dövlət qeydiyyatı ilə bağlı elektron xidmətlərin tətbiqinə başlayıb. Cari ilin sonunadək isə daha 8 elektron xidmət növü üzrə xidmətlərə start veriləcək.
APA