Fransanın «Buiq» şirkəti Bakı Metropoliteninin «Xətai» - «Həzi Aslanov-2» sahəsində aparılan tikinti işlərinə maraq göstərir.
Metropolitendən verilən məlumata görə, «Buiq» şirkəti növbəti dəfə Bakı Metropoliteninin rəhbərliyi ilə görüşüb və təqdim etdikləri layihənin detalları ilə bağlı məlumat verib, müzakirə aparıblar.
«Metropolitenin yaxın beşillikdə ən ümdə vəzifələrindən biri iki mövcud xətti bir-birindən ayırmaqdır. Təklif olunmuş layihələr arasından seçim zamanı sona çatır. Metropolitenə 4 təklif verilib. Sonuncu layihəni təqdim etmiş Fransanın «Buiq» şirkətidir. Onlar metropoliten rəhbərliyi ilə keçirilən son görüşdən sonra layihə üzərində bəzi dəqiqləşmə işi aparıb, vəziyyəti yerində təhlil ediblər. Yaşıl və Qırmızı xəttin bir-birindən ayrılması üçün layihə təqdim etmiş «Buiq» şirkəti «28 May» stansiyasının fəaliyyətinin cəmi 3 həftə müddətində dayandırılacağını əsaslandırmağa çalışıb. Elə son variantda da onlar təqdim etdikləri layihədə bunu əsaslandırmağa cəhd göstəriblər. Onlar artıq niyyət protokolunun imzalanmasına hazır olduqlarını bildiriblər», - deyə metropolitendən bildirilib.
Metropolitendən həmçinin bildirilib ki, «Buiq» şirkətinin Bakıda metro inşaatına marağı hələ bu ilin birinci yarısından var idi. O vaxt onlar Mavi xəttin inşası ilə maraqlanırdı. Lakin elə ilk görüşdə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov onlara cari məsələlər və gündəlikdə olan inşaat vəzifələri barədə məlumat verərək, mövcud xətlərin bir-birindən ayrılmasının daha aktual məsələ olduğunu bildirib.
Bu təklif Fransa şirkətinin təmsilçilərini maraqlandırıb, bunun üçün lazım olan texnika, avadanlıq, ən əsası, mütəxəssis qrupuna malik olduqlarını bildirib və layihələndirmə işinə dərhal başlayıblar: «Ötən ay ölkə başçısının Fransaya işgüzar səfəri zamanı biznes dairələrlə keçirilən görüş zamanı «Buiq» nümayəndələri ölkə başçısına metro tikintisi ilə bağlı sual verərək, müfəssəl cavab alıblar. Ümumiyyətlə, dövlət rəhbəri bu məsələdə yerli tikinti şirkətinin olduğunu, lakin işin həcminə görə bu inşaat işlərinə ölkə xaricindən də şirkətlərin qoşulmaq ehtimalının yüksək olduğunu bildirib».
«Artıq «Buiq» şirkəti daha bir sahəyə də maraq göstərməyə başlayıb. Onlar Ukraynanın «İnterbudmontaj» şirkətinin fəal araşdırdığı «Xətai» - «Həzi Aslanov-2» sahəsində tunellərin və 3 stansiyanın inşası ilə yaxından maraqlanmaq niyyətlərini açıqlayıblar», - deyə metropolitendən qeyd olunub.
Qeyd edək ki, 5-illik plana daxil olmasa da, uzunluğu 7 km-ə yaxın olan bu sahənin inşası şəhər nəqliyyat sektoru, həmçinin sosial-iqtisadi baxımdan da yaxın gələcək üçün böyük əhəmiyyətə malikdir. Xətlərin bir-birindən ayrılmasından sonra Yaşıl xəttin tam funksional fəaliyyətini təmin etmək üçün məhz «Xətai» stansiyasından Yeni Günəşliyə qədər olan hissənin də istifadəyə verilməsi vacibdir. Əks-təqdirdə, «Həzi Aslanov-2» - «Yeni Günəşli» inşaat sahəsində də məkik hərəkət təşkil olunacaq və Yaşıl xətt, faktiki olaraq, iki hissəyə bölünmüş olacaq.
Amma ən vacibi, bu sahə istismara veriləndən sonra Qırmızı xəttin yüklənməsinin də qarşısının alınmasında əhəmiyyətli addımlar atılmış olacaq.
APA