“Əcnəbi tələbələrin fikir platforması”nın qalibləri – UNEC tələbələri
27.4.2017

UNEC tələbələri Azərbaycanda ilk dəfə keçirilən “Əcnəbi tələbələrin fikir platforması” adlı TEDx formatlı yarışmanın qalibi olublar.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, əcnəbi tələbələr arasında keçirilən müsabiqədə iştirakçılar müşahidələrinin ən maraqlı məqamlarını münsiflər heyəti və auditoriya ilə bölüşüblər. Münsiflər heyəti auditoriyanın marağına səbəb olan çıxışları 5 ballıq sistemlə qiymətləndirib. Ölkənin 10 universitetinin 15 ölkədən olan 30 əcnəbi tələbəsinin qatıldığı yarışda finala 9 nəfər vəsiqə qazana bilib. Onların arasında UNEC tələbələri də var.

Final mərhələsində UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbəsi Tomiva Fayehun və I kurs tələbələri Uillie Ubong ilə Akınpelu David Darenin təmsil olunduğu komanda vətənləri Nigeriyadan söz açaraq, Afrika ölkəsində yaşamağın çətinliklərindən danışıblar. Xüsusi olaraq azyaşlıların həyatından, aclıqla mübarizəsindən bəhs ediblər. Əcnəbi tələbələrin fikirlərini Azərbaycan dilində ifadə etmələri və yarışa öz milli geyimlərində qatılmaları münsiflər heyətinin xüsusi marağına səbəb olub.

UNEC tələbələri çıxışlarında Azərbaycandan da bəhs edərək, burada olduqları müddəti həyatlarında önəmli mərhələ adlandırıblar: “Azərbaycanda keçirdiyimiz tələbəlik illərini gələcəyimiz üçün böyük sərmayə hesab edirik. Çünki biz UNEC-də həm təhsil alır, həm də dost qazanırıq. UNEC-in verdiyi bilik kimi, Azərbaycanlı dostları da sərvət hesab etmək olar”.

Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və ADA Universitetinin Magistr Tələbə Hökümətinin texniki dəstəyi ilə təşkil edilən “Əcnəbi tələbələrin fikir platforması” müsabiqəsində üç universitetin komandası I yerə layiq görülüb. Onların arasında UNEC-lə yanaşı, Bakı Mühəndislik Universiteti və Bakı Slavyan Universiteti də var.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

trend