56 yaşlı abituriyent imtahan verəcək
27.4.2017

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahanda 35433 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 18681 abituriyent II qrup üzrə, 16752 abituriyent III qrup üzrə imtahan verəcək.
İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Məlumat üçün bildirək ki, Abituriyentlərdən 32089 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16612, III qrup üzrə 15477 nəfər), 3344 nəfəri isə rus bölməsinin (II qrup üzrə 2069, III qrup üzrə 1275 nəfər) məzunudur. Abituriyentlərin 16233 nəfəri oğlanlar (II qrup üzrə 11687 nəfər, III qrup üzrə 4546 nəfər), 19200 nəfəri isə qızlardır (II qrup üzrə 6994 nəfər, III qrup üzrə 12206 nəfər). 26778 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 8655 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 49 nəfər ali təhsil müəssisələrinin, 1342 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 177 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənci isə 2002-ci ildəndir.
Bakı şəhərində 15617, Naxçıvanda 1618, Gəncədə 3746, Sumqayıtda 1678, Mingəçevirdə 1471, Şəkidə 2064, Bərdədə 2313, Göyçayda 1401, Şirvanda 1697, Lənkəranda 2376, Xaçmazda isə 1452 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidir.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.



publika.az