Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolu yenidən qurulur
28.4.2017

“Azəravtoyol” ASC tərəfindən Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun bir hissəsinin yenidən qurulması işlərinə start verilib.

Qurumdan verilən məlumata görə, yenidən qurulan hissə Beyləqan və Füzuli rayonunun Horadiz qəsəbəsi arasında yerləşir və Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 112-177-ci km-ni əhatə edir.

Uzun müddət əsaslı təmir olunmayan yolun hərəkət hissəsində qabarmış və deformasiyaya uğramış ərazilər yaranmışdı. Bu isə vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı. Artıq bu problem aradan qaldırılır. III texniki dərəcəyə uyğun olaraq yenidən qurulan 65 km-lik yol 2 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarının hər birinin eni 3.5 metr, çiyinlərin eni 0.5 metr bərkidici zolaqla birgə 2.5 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir.

Yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilir, hərəkət hissəsi hazır olan ərazilərin isə asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 500 min m2-dən çox hissəsinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək. Yenidən qurulan yolun üzərində yerləşən 6 ədəd 2 aşrımlı, uzunluqları 24-36 metr olan avtomobil körpüləri əsaslı şəkildə təmir olunub, hərəkət hissələrinin eni genişləndirilərək 10-12 metrə çatdırılıb. Yol boyu 60 ədəd suötürücü borunun tikintisi də nəzərdə tutulub.

Yol boyu yerləşən 20-ə yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxaracaq layihənin reallaşdırılması birbaşa olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə yenidən qurulan yolun qısa müddət ərzində istifadəyə verilməsi üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, hazırda tikintisi davam edən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür. Onu da əlavə edək ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.

trend.az