Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı
28.4.2017

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib.

Turnir Milli Gimnastika Arenasında keçirilir.

Yarışın ilk günü gimnastların halqa və topla fərdi, eləcə də 5 halqa ilə qrup çıxışları üzrə təsnifat yarışları olacaq.

Aprelin 30-dək davam edəcək yarışlara ümumilikdə 21 ölkədən 92 gimnast qatılacaq. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

trend