Moskvada Leyla Əliyevanın xeyriyyə sərgisi açılıb
1.5.2017

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR təşkilatının sədri Leyla Əliyevanın xeyriyyə sərgisi açılıb.
Sərgi Rusiya Rəssamlıq Akademiyası, Moskva Müasir İncəsənət Muzeyi ilə birgə IDEA Fondu tərəfindən hazırlanıb və Rusiyada elan olunan ekologiya ilinə həsr olunub.
Layihənin məqsədi ətraf mühitin problemlərinə diqqət cəlb etməkdir.
"İncəsənət vasitəsilə planetimizin necə kövrək olduğunu və nə dərəcədə müdafiəyə ehtiyac duyduğunu göstərmək istədik", - Leyla Əliyeva sərginin açılış mərasimində bildirib.
Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində - Zurab Tsereteli İncəsənət Qalereyasında baş tutan sərginin açılış mərasimində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Mikayıl Cabbarov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Rəssamlar Rusiya İttifaqının sədri Tahir Salahov, Moskva yaradıcı ziyalılarının nümayəndələri iştirak ediblər.
Ekspozisiyanın əsasını IDEA Fondunun yaradıcısı Leyla Əliyevanın əsərləri təşkil edir. Leyla Əliyeva buna qədər rəsm əsərlərini Paris, Berlin və Londonda nümayiş etdirib.
Sərgidə həmçinin Azərbaycanın və Rusiyanın daha 9 rəssamının əsərləri nümayiş etdirilir. Ətraf mühit məsələlərinə biganə yanaşa bilməmələri azərbaycanlı və rusiyalı rəssamları birləşdirib.
"Live Life" adlı sərgini IDEA Fondu xeyriyyə məqsədilə həyata keçirir. Rəsm satışından toplanan vəsait Zaqafqaziyanın ən böyük çayı olan Kür çayının ekosisteminin bərpası, həmçinin orada nərə balığının populyasiyasının bərpası üzrə sərf olunacaq.
Sərgi bu il mayın 24-dək davam edəcək. Bu dövr ərzində arzu edənlərin hamısı sərgiyə baş çəkə və bəyəndiyi rəsm əsərini ala bilər.

report.az