İslamiada zamanı Milli Dram Teatrının səhnəsində subtitrlər üçün ekranlar yerləşdiriləcək
1.5.2017

Ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq tamaşaları müvafiq olaraq rus, ingilis dillərində subtitrlərlə şəhərimizin əcnəbi qonaqları və turistlər izləyə biləcəklər.

Bu sözləri teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib. C. Zeynallının sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təqdim ediləcək səhnə əsərlərinin tərcümə edilməsinə və müvafiq xarici dillərdə nümayişinə xüsusi şərait yaradılıb.

“Subtitrlər səhnənin hər iki tərəfində böyük ekranlarda tamaşaçıların bütün istiqamətlərdən görə biləcəyi şriftlərlə əks olunacaq. Bu da imkan verəcək ki, əcnəbi tamaşaçılar, şəhərimizin qonaqları tamaşadakı obrazların dialoqlarını rahat oxuya bilsinlər. Repertuara həm klassik, həm də müasir Azərbaycan dramaturgiyasının nümunələri əsasında hazırlanan səhnə əsərləri daxil edilib. Məqsəd İslamiada zamanı ölkəmizə təşrif gətirən turistlər və yarış iştirakçılarında çağdaş Azərbaycan teatrı və dramaturgiyası haqqında zəngin təəssürat yaratmaqdır. Eyni zamanda, repertuara dünya dramaturgiyasının məşhur nümunələri əsasında hazırlanan səhnə əsərləri daxil edilib. N. V. Qoqolun “Müfəttiş”, E.De.Filipponun “Silindr”, B.Nuşiçin “Nazirin xanımı”, A. Saqarelinin “Xanuma” tamaşaları dünyanın aparıcı teatrlarının repertuarında özünəməxsus yer tutur və teatrsevərlər tərəfindən hər zaman xüsusi maraqla qarşılanıb”, - deyə C.Zeynallı bildirib.

azertag.az