Oktyabrın 9-da Polşanın Poznan şəhərində başlanmış III Beynəlxalq “Tranzit” sənədli filmlər festivalında Azərbaycan Rusiyada yaşayan həmyerlimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailovun “Köç” sənədli filmi ilə təmsil olunur.
Dünyanın 30-dan çox ölkəsindən rejissorların iştirak etdikləri festivalın məqsədi Avropa ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsidir. Peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək müsabiqə oktyabrın 15-dək davam edəcəkdir.
“Köç” filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir. Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların çətin və maraqlı taleyi işıqlandırılmışdır. Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbr və məharətlə davam etdirirlər.
Film 2010-cu ildə Azərbaycanın “DS film” studiyasında istehsal olunmuşdur. 52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılmışdır. “Köç” filmi bundan əvvəl bir sıra beynəlxalq festivallarda nümayiş etdirilmişdir.