“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin məqsədi kitabı oxuculara sevdirməkdir
2.5.2017

Mütaliəsi zəif, kitabdan uzaq olan insan dünyanın ən yoxsul varlığı sayılır. Məşhur Roma yazıçısı Senesa deyib ki, “Kitabsız yaşamaq; kar, kor, dilsiz yaşamaqdır”. Həqiqətən də kitab insan həyatında, onun formalaşmasında böyük rola malikdir. Ona görə də ölkəmizdə kitaba marağı artırmaq üçün geniş tədbirlər görülür.

Mayın 9-da paytaxtımızda sahəsinə və imkanlarına görə ən böyük məkan, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi oxucuların istifadəsinə veriləcək. Bu münasibətlə mərkəzin direktoru Sabir Həsənov müsahibə verib. Müsahibəni təqdim edirik:

- Kitab mərkəzi açmaq ideyası hansı zərurətdən yarandı?

- “Azərkitab”ın mənəvi varisiyəm və öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirəcəyəm. “Azərkitab” kitab birliyi ilk dəfə olaraq 1924-cü ildə fəaliyyətə başlayıb və 2000–ci ildə bu müəssisənin fəaliyyətinə bir ticarət qurumu olaraq xitam verilib. Bu gün ölkədə kitab mağazalarının sayı kifayət qədər deyildir, nəşr edilən kitabların sayı çox azdır. Ölkəmizdə oxu qabiliyyəti olan insanların sayı beş milyona çatmasına baxmayaraq, təəssüf ki, Azərbaycanda kitab mağazalarının sayı çox azdır. Məhz bu səbəblərə görə, insanlarımıza, xüsusən də gənclərimizə kitab sevgisini aşılamaq üçün kitab mərkəzini yaratmağı qərara aldım.

“Azərkitab” Kitab Təbliğatı Mərkəzi dörd mərtəbədən ibarətdir. Burada oxucularımız hər sahədən kitablar əldə edə bilərlər. Eyni zamanda, mərkəzdə onların istirahəti üçün hər cür şərait yaradılacaq. Mağazamızın 1-ci mərtəbəsində ziyalılar evi olacaq, 2–ci və 3-cü mərtəbəsi kitab satışı üçün nəzərdə tutulub. 4–cü mərtəbəsində isə qalereya və konfrans zalı yerləşir ki, burada oxucuların yazarlarla, şairlərlə görüşləri keçiriləcək.

- “Azərkitab” nəşriyyatlarla işini necə quracaq?

-Bildiyimiz kimi ölkəmizdə nəşriyyatların böyük bir qismi, yalnız müəllif sifarişi əsasında fəaliyyət göstərir. Kitab bazarını, oxucu tələbatını nəzərə alaraq kitab tərtib edib istehsal edən nəşriyyatların sayı birincilərə nisbətən azdır. Biz fəaliyyətimiz zamanı çalışacağıq ki, müəllif kitabları ilə bərabər, oxucu tələbatına uyğun olan nəşrlərin hazırlanmasını və çap edilməsini nəşriyyatlara sifariş edək. Hazırda bununla bağlı tərəfdaş nəşriyyatlarımızın bir qismini müəyyən etmişik. Bir sözlə, oxucu tələbatına cavab verə biləcək bütün nəşriyyatlarla əməkdaşlıq etmək niyyətindəyik.

- Kitab mərkəzində hansı sahələrə üstünlük veriləcəkdir?

- Ümumiyyətlə, “Azərkitab” ixtisaslaşmış kitab mağazası olacaq. Burada oxucular dünya ədəbiyyatını, tərcümələri çox asanlıqla əldə edə biləcəklər. Hazırda Azərbaycanda tibb ədəbiyyatı, elmi, hüquqi, texniki ədəbiyyatların tərcüməsi olduqca bərbad vəziyyətdədir. Ümumiyyətlə, Azərbaycanın özündə belə kitabların nəşri, satışı zəif inkişaf edir. Bizim məqsədlərimizdən biri də dünya ədəbiyyatının Azərbaycana gəlişini təmin etməkdir. Çalışacağıq bu sahənin inkişaf etdirilməsinə xidmət edək. Oxucular belə kitabları da məhz bizim mərkəzdən əldə edə bilərlər.

- Gələcəkdə mərkəzə oxucu cəlb etmək üçün hansı layihələri reallaşdıracaqsınız?

- Çalışırıq ki, orta məktəblərlə, ali məktəb rəhbərləri ilə əlaqə saxlayaq. Orada təhsil alan şagirdlərin, tələbələrin bizim kitab evi ilə tanış olması üçün onların ekskursiyalarını təşkil edək. Bunun üçün hətta biz avtobuslar da təşkil etmişik. Bundan əlavə biz aztəminatlı ailələri, məcburi köçkün və şəhid ailələrini də unutmamışıq. Belə ailələrin təhsil alan uşaqlarını dərs vəsaitləri, dərsliklərlə təmin etməyi düşünürük.

- Tərcümə məsələləri və yeni tərcümə kitabları barədə nələr planlaşdırılır?

- Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində görüşlərimiz olub və bir sıra layihələr həyata keçirməyi düşünürük. Bir çox nəşriyyat evləri ilə danışıqlar aparılıb. “Təhsil”, “Yazıçı”, “Nərgiz” və digər nəşriyyatlarla əməkdaşlıq etmək niyyətindəyik. Bundan başqa mərkəzimizin nəzdində qalereya da fəaliyyət göstərir ki, biz burada gənc istedadların rəsmlərinin, əl işlərinin sərgisini açacağıq, bu əsərlərin satışını həyata keçirəcəyik. Bu xidmətimizin məqsədi gənc istedadları üzə çıxarmaq və onlara kömək etməkdir.

- Mərkəzdə balaca oxucularımız nəzərə alınıbmı, eləcə də orta məktəb şagirdləri burada özlərinə lazım olan dərslikləri əldə edə biləcəklərmi?

- Mərkəzin ikinci mərtəbəsində “Uşaq aləmi” zalı var. Mərkəzin bu guşəsində uşaqlar sanki nağıllar aləminə səyahət edəcəklər. Burada uşaqların nağıllardan tanıdıqları personajlara rast gəlmək olacaq. Bununla yanaşı, burada canlı ünsiyyət də olacaq. Yəni “Piri baba”nın müşayiəti ilə həftədə bir neçə dəfə nağıl günləri təşkil olunacaq. Bununla yanaşı, uşaqlara animasiya filmləri də göstəriləcək.

Bu guşənin yaradılmasında məqsəd uşaqlarda hələ uşaq vaxtından ədəbiyyata, milli dəyərlərimizə, qəhrəmanlarımıza qarşı sevgi və maraq oyatmaqdır.

azertag.az