Bakıda keçirilən Beynəlxalq İdman Film Festivalının qalibləri mükafatlandırılıb
12.10.2012

“Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilən I Bakı Beynəlxalq İdman Filmləri Festivalına yekun vurulub, qaliblər mükafatlandırılıb.

Mərasimdə "İdman və cəmiyyət", "İdman və şəxsiyyət" nominasiyalarında mükafatların qalibləri, münsiflər heyətinin xüsusi prizinin və baş mükafatın - "Qran pri"nin sahibi elan olunub. Qaliblərə, diplom və xüsusi prizlərdən əlavə, pul mükafatları da təqdim olunub. İlk olaraq «Jürinin xüsusi mükafatı»nı təqdim etmək üçün festivalın beynəlxalq münsiflər heyətinin rəhbəri, Serbiya Kinematoqrafçılar İttifaqının sədri Yovan Markoviç səhnəyə dəvət olunub. Mükafata Rusiya rejissoru Yevgeni Yaşinin «Burada və indi» filmi layiq görülüb.

«İdman və cəmiyyət» nominasiyasında III yerin sahibini stend atıcılığı üzrə Olimpiya çempionumuz Zemfira Meftəhəddinova elan edib. Mükafat türkiyəli prodüser Can Saraçoğluna təqdim olunub. Bu nominasiyada II yeri rusiyalı Dmitri Lavriyenkonun "Zenit. Kazan. Zirvəyə gedən yol" filmi qazanıb. Nominasiyanın I mükafatına isə Azərbaycan rejissoru Arzu Urşanın «Top həm qalxar, həm düşər» filmi layiq görülüb. Rejissora mükafatı Beynəlxalq İdman Kinosu və Televiziyası Federasiyasının prezidenti Franko Askani təqdim edib. «İdman və şəxsiyyət» nominasiyasında III yer Rusiya təmsilçisi Nikolay Maletskinin "Yelena Kalinina. At belində" filminə verilib. II yerin qalibini isə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova elan edib. Mükafat Aleksandr Aleksandrovun « İnsan İvan Yarıgin» filminə verilib. "İdman və şəxsiyyət" nominasiyasında I yeri Rusiyanı təmsil edən "Vladislav Tertyak. Maskasız qapıçı" filmi qazanmışdır. Ssenari müəllifi Sergey Şaçinə mükafatı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib. Sonra festivalın baş mükafatının - "Qran-pri"nin qalibini elan etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səhnəyə dəvət olunub və nazir baş mükafatı Serbiyanı təmsil edən Qordon Matiçin «Oyundan da böyük» filminə təqdim edib.

APA