İncəsənət sahəsində Azərbaycan-Çin əlaqələri inkişaf edir
2.5.2017

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda mayın 2-də “Azərbaycanda Çin təsviri incəsənəti” mövzusunda elmi seminar keçirilib.

ADU-dan bildirilib ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov incəsənət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı, bədii sərgi mübadiləsi barədə danışıb. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında imzalanan əməkdaşlıq haqqında müqavilənin mədəniyyət sahəsində əhəmiyyətini qeyd edib. R.Abbasov 1996-cı ildə Ulu Öndərin şəxsi dəvəti ilə, ənənəvi Çin rəsmləri “panda və pion” tərzində işləyən gənc çinli rəssam Dzen Yanqyanqın Bakıya gəlişini xatırladıb.

Azərbaycan Milli İncəsənət Muzeyinin qrafika fondunun müdiri Sevda Həbibova bir-biri ilə sıx əlaqədə olan rəsmlərin, qrafikaların və kalliqrafiyanın Çin təsviri ənənəsi, Çin tətbiqi incəsənətinin qədim növlərinin əsas tərz və rəngləri haqqında danışıb. O, muzeyin kolleksiyasında olan məşhur Çin rəssamı Tsi Bayşinin yaradıcılığında ipəkdən toxunmuş Çin pannosunun janr müxtəlifliyini xüsusi qeyd edib.

Sonda Çin rəsmlərinin əsas janrlarından bəhs edən film nümayiş olunub.



azertag.az