Azərbaycan “Junior Eurovision”da duet şəklində təmsil olunacaqdır
12.10.2012

Azərbaycanın “Junior Eurovision” müsabiqəsindəki təmsilçisi müəyyənləşmişdir. Təmsilçilik uğrunda beş azyaşlı istedad - Nərmin Həsənova, Ömər Sultanov, Qəmərtac Maqsudova, Suada Ələkbərova, Toğrul Kərimov hər biri iki mahnı ilə öz bacarığını nümayiş etdirmişdir.

Beş finalçı arasından Suada Ələkbərova və Ömər Sultanov münsiflər heyətinin qərarı ilə “Junior Eurovision”da Azərbaycanı təmsil etmək şansı qazanmışlar.
“Junior Eurovision”un milli finalı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə (İTV) canlı yayımlanmışdır. Final mərhələsini “Eurovision-2012”-nin aparıcılardan biri - Leyla Quliyeva idarə etmişdir.

Milli finalda ekspert qismində Xalq Artisti Faiq Ağayev, “Eurovision”un qalibi Eldar Qasımov, bəstəkarlar İsa Məlikov, Murad Arif, Ülviyyə Vəliyeva iştirak etmişlər. Eyni zamanda, azyaşlı istedadlara dəstək olmaq üçün “Eurovision” mahnı müsabiqələrində Azərbaycanı təmsil etmiş Səbinə Babayeva və Eldar Qasımov ifaları ilə dəstək olmuşlar.

Azərbaycanın “Junior Eurovision”dakı təmsilçilərinin adlarını “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova elan etmişdir. H.Məhərrəmova bildirmişdir ki, Azərbaycana duet şəklində iştirak daim uğur qazandırmışdır. Biz builki müsabiqədə seçim qarşısında çox da çətinlik çəkmədik. Biz valideynlərə müraciət edərək bildiririk ki, onlar istedadlı övladlarına diqqət göstərsinlər və növbəti dəfə biz daha böyük seçimlər qarşısında qalaq.

H.Məhərrəmova münsiflər heyətinin üzvlərinə – Faiq Sücəddinov, Lalə Kazımova və Vüqar Camalzadəyə təşəkkür etmişdir.

Qalib dueti Eldar Qasımov öz ifası ilə təbrik etmişdir.

AzərTAc