Azərbaycan diasporunun rəhbəri Niderland Omroep Orkestr və Xor Təşkilatından "Təşəkkür məktubu" alıb
3.5.2017

Niderland Krallığında yaşayan soydaşımız Firəngiz Bağırovanın adı, yəqin ki, bir çoxlarınıza yaxından tanışdır. Niderland Krallığında keçirilən, Azərbaycanla bağlı olan hər hansı bir tədbiri, musiqi festivalını, görüşləri Firəngiz Bağırova olmadan təsəvvür etmək mümkün deyil.

1996-cı ildən o, uzaq diyarda məskunlaşan işgüzar, vətənpərvər xanım, Azərbaycanın kiçik bir parçasını elə yaşadığı məmləkətdə - Niderlan Krallığında yaradıb. 10 il bundan öncə, yubileyi bu yaxınlarda keçirilmiş “Odlar Yurdu” adlı cəmiyyət təsis edərək, həmvətənlərimizi bir araya gətirib, Azərbaycan mədəniyyətinin, incəsənətinin yaşadığı məmləkətin insanları arasında ən yüksək səviyyədə təbliğinə nail olub.

Firəngiz xanım Bağırova öz sahəsini gözəl bilən musiqi təmsilçilərimizdən biridir desək, yanılmarıq. Məhz onun gərgin əməyi sayəsində Niderland Krallığında keçirilmiş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı böyük uğur qazanmış, holland tamaşaçısında Azərbaycan musiqi sənəti haqqında daha aydın təsəvvürə malik olmasına imkan yaradıb.

Firəngiz xanım Bağırova xaraktercə həm də sadə, təvazövkar insanlardandır. Çəkdiyi zəhmət, gördüyü işlər barədə danışmağı sevməyən Firəngiz xanım Niderland Krallığının Omroep Orkestr və Xor Təşkilatından aldığı “Təşəkkür məktubu” haqqında söhbət açmağı deyəsən “unutdu”:

“Bəli, Omroep Orkestr və Xor Təşkilatının işimə verdiyi qiymətə görə mən də onlara öz təşəkkürümü bildirirəm. Amma yenə də qeyd etdiyim kimi, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin təbliği məsələsini həm bir musiqiçi, həm də borc olaraq qəbul edirəm. Ümimiyyətlə, Azərbaycanı dünyaya tanıtmaq, hər bir azərbaycanlının ümdə vəzifəsidir”.

Firəngiz Bağırovanın gördüyü işlər, konsert proqramının təşkil edilməsində çəkdiyi zəhməti daha da aydın şəkildə təsəvvür etməkdən ötrü layihə meneceri Rene Meulenberqin dediklərindən sitat gətirmə yerinə düşərdi:

“Firəngiz xanımın tərcümə sahəsindəki işinə xüsusi diqqət ayırmaq istərdim. Xorun ifasında səslənən sözlərin düzgün tələffüz edilməsi, intonasiyanın yerində oturdulması çox ağır, böyük zəhmət tələb edən bir işdir. Məhz onun əməyi sayəsində, biz konsertin təşkilinə ayrılan vaxt ərzində xorun ifasında səslənən sözlərin düzgün tələffüzünə nail olmuşuq ki, bu da dil daşıyıcısının tələffüzündən demək olar, heç nə ilə fərqlənmir.

Firəngiz xanımın şəxsi keyfiyyətlərinə gəldikdə isə onu deyə bilərəm ki, o, öz sahəsini gözəl bilən peşəkar, dəqiq insan və gözəl Azərbaycan xanımıdır. Onunla işləmək insana böyük zövq verir".

Müsahibəmizi Firəngiz xanımın söylədiyi fikirlə yekunlaşdırmaq istərdik:

“Azərbaycanı dünyaya tanıtmaq hər birimizin azərbaycanlı olaraq mənəvi borcumuzdur”.

trend