Niyazinin ev muzeyində Cövdət Hacıyevin xatirəsi anılıb
4.5.2017

Mayın 3-də Niyazinin mənzil-muzeyində Xalq Artisti, Dövlət mükafatı laureatı Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova çıxış edərək sənətkarın həyat və yaradıcılığından söz açıblar.

C. Hacıyevin musiqi mədəniyyəti tarixindəki müstəsna xidmətlərini vurğulayan natiqlər bildiriblər ki, milli simfonizmin banilərindən biri olan görkəmli sənətkar Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnib. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.

Qeyd olunub ki, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyevin ölkəmizdə peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətləri var.

Sonra sənətkarın oğlu, Əməkdar İncəsənət Xadimi, tanınmış bəstəkar İsmayıl Hacıyev çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Tədbir konsert proqramı ilə davam edib. Konsert çərçivəsində bəstəkarın əsərlərindən ibarət kompozisiyalara müraciət olunub.



azertag.az