Mayın 4-də Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramına həsr edilmiş “dəyirmi masa” keçirilib.
Muzeyin direktoru Şirin Məlikova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Xalçaçı günü” peşə bayramının təsis edilməsinin bu sənətin təmsilçiləri üçün böyük mükafat olduğunu söyləyib.
Muzeyin direktoru bayram ərəfəsində Prezident İlham Əliyevin Sərəncamı ilə xalçaçılarımızın fəxri adlara layiq görüldüyünü də əlamətdar hadisə kimi qeyd edib və rəhbərlik etdiyi kollektiv adından ölkə rəhbərinə minnətdarlığını bildirib.
Muzeydə bayram günlərində qədim və mənəvi sərvətimiz olan müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlərin keçiriləcəyi vurğulanıb.
Tədbirdə AMEA-nın sektor müdiri, Beynəlxalq Muzeylər Şurasının üzvü, professor Vidadi Muradov, Xalq Rəssamı, UNESCO yanında Rəssamlar Birliyinin üzvü Eldar Mikayılzadə, Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Əməkdar Rəssam Aydın Rəcəbov, “Xalça dünyası” Assosiasiyasının rəhbəri Fatimə Ağamirzəyeva və başqaları Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu bildiriblər. Azərbaycan xalçasının beynəlxalq miqyasda tanındığını, dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlandığını diqqətə çatdırıblar. Məhz dövlətimizin qayğısı nəticəsində 2010-cu il noyabrın 10-da Azərbaycanın xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi söyləyiblər. Vurğulanıb ki, xalça sənəti, xalçaçılıq xalqımızın dünya mədəniyyətinə töhfəsidir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynov, Gəncə 1 nömrəli peşə məktəbinin müəllimi Elyar Quliyev, “Qədim Quba” xalça müəssisəsinin direktoru Humay Məmmədova və başqaları qədim və mənəvi sərvətimiz olan xalçaçılığın daha da inkişaf etdirilməsi üçün gənclərin cəlb edilməsinin vacibliyini bildiriblər. Azərbaycanda xalçaçılığın gözəl gələcəyi olduğu qeyd ediblər.
“Dəyirmi masa”da xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə bazarlarına və beynəlxalq bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olunub.
Sonda xalçaçı ustalar - Zəhra Əliyeva, Rəna Süleymanova və başqaları onların əməyinin hədər getmədiyini, gənclərin bu sənətə gəlişini, bu müqəddəs sənəti, nənələrimizin yadigarını gənc nəslə çatdırmaq üçün əllərindən gələni əsirgəmədiklərini bildiriblər.
Tədbir zamanı vizual olaraq xalça toxuma prosesi monitorda tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
azertag.az