“Google”dan xəbərdarlıq: “Gmail”də virus yayılır
4.5.2017

“Google” şirkəti dünya üzrə bütün istifadəçilərinə “Gmail”də “Google Docs” adı ilə yayılan fişinq məktubları barədə xəbərdarlıq edib. Fişinq istifadəçilərin gizli məlumatlarını əldə etmək üçün istifadə olunan internet fırıldaqçılığı üsullarından biridir.

“Google” bu barədə özünün “Twitter” səhifəsində məlumat verib. “Biz “Google Docs” şəklində ortaya çıxan fişinq mesajlarını araşdırırıq. Hər kəsə tövsiyə edirik ki, bu məktublara klik etməsinlər və onların fişinq olduğu barədə şirkətə məlumat versinlər”, - deyə xəbərdarlıqda bildirilir.

“The Verge” saytı qeyd edir ki, bəd niyyətli insanlar məktubları ilk növbədə tanıdıqları adamlara göndərirlər. Sonra göndərilmiş istinad üzrə keçid zamanı proqram (guya ki, “Google Docs”) istifadəçinin məktublarına və adres kitabçasına çıxış istəyir. Bu baş verdikdə viruslu proqramı göndərənlər istifadəçinin gizli məlumatlarını əldə edir. Virusun əsas xüsusiyyəti odur ki, “Gmai” daxilində hərəkət edir və istifadəçiləri başqa səhifələrə yönləndirmir.

“Google” istifadəçiləri fişinq istinadlarından qorumaq üçün tədbirlər gördüyünü açıqlayıb. Şirkət virusu yayanların səhifələrini silib.

lent.az