“Facebook”un gəliri artdı, auditoriya 2 milyarda yaxınlaşdı
4.5.2017

“Facebook”un rüblük gəliri analitiklərin gözləntilərini üstələyib.

Şirkətin yaradıcısı Mark Zukerberq rüblük nəticələri “ilin yaxşı başlaması” kimi qiymətləndirib. Hazırda sosial şəbəkənin auditoriyası 2 milyard nəfərə yaxınlaşır.

2017-ci ilin ilk rübündə “Facebook”un xalis mənfəəti 3,06 milyard dollar təşkil edib. Bir il əvvəlin eyni dövründə bu göstərici 1,73 milyard dollar olub. Gəlir 49% artaraq 8,03 milyard dollara yüksəlib. Proqnoz 7,83 milyard idi.

Reklam gəlirlərinin 85%-ni mobil reklamlar təşkil edir. Şirkət hesabat dövründə mobil reklamdan 6,7 milyard dollar qazanıb. Ümumi reklam gəliri 51% artaraq 7,857 milyard dollar olub.

Hesabat dövründə ayda azı bir dəfə sosial şəbəkəyə daxil olan istifadəçilərin sayı 80 milyon nəfər artaraq 1,94 milyard nəfərə çatıb. Bunlardan üçdə ikisi – 1,28 milyard nəfər şəbəkəyə hər gün daxil olur.

Bu ilin fevral ayında “Jackdaw Research” analitiki Cen Doson bildirmişdi ki, “Facebook” indiyə qədər heç bir internet şirkətinin çata bilmədiyi artıq 2 milyard həddinə yaxınlaşıb. İndi isə ekspert hesab edir ki, auditoriyanın hazırkı artım tempi ilə iyunun sonunda “Facebook” auditoriyası 2 milyardı aşacaq. Auditoriyanın genişlənməsi reklamların da artmasına səbəb olmalıdır, lakin sosial şəbəkə 2017-ci ilin ortalarından etibarən istifadəçilərin xəbər lentində görünən reklamların artımını dayandıracaq. Bu isə investorları narahat edir. Onlar şirkətin bu itkini nə ilə kompensasiya edəcəyini anlamır.

Hesabatın açıqlanmasından sonra şirkətin səhmlərinin dəyəri 2,4% azalıb. “Facebook”un baş direktoru Devid Uener bildirib ki, bu il ərzində reklam gəlirlərinin artımı yavaşlayacaq, xərclər isə artacaq, çünki şirkət bir sıra ictimai faydalı və strateji təşəbbüslər planlaşdırıb ki, bu da maliyyə göstəricilərinə neqativ təsir göstərə bilər.

lent.az