4 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” adlı tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Millət vəkili Fəttah Heydərov, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri, Gənclər Fondundan qrant qazanmış gənclər və media nümayəndələri iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin sırasına yüksəlib. O deyib ki, 90-cı illərin əvvəllərində Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə stabillik yaranıb: "Ölkədə həyata keçirilən tədbirlər onu göstərir ki, biz dünyanın ən maraqlı ölkələrindən birinə çevrilmişik. Ulu öndər Heydər Əliyevin irsi daim yaşayacaq. Əgər biz varıqsa, bu ölkə varsa, Heydər Əliyev də olacaq".
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O qeyd edib ki, Azərbaycan çətin zamanda bir istinad nöqtəsinə, sülhün, tərəqqinin, çox uğurlu siyasətin ünvanına çevrilib: "Bu, məhz böyük şəxsiyyətin siyasətinin nəticəsidir. Nə yaxşı ki, ağıllı gəncliyimiz onun yanında oldu. Ulu öndərin övladı İlham Əliyev onun yolunu uğurla davam etdirir".
Tədbir gənclər təşkilatlarının rəhbərlərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan qrant qazanmış gənclərin çıxışları ilə davam edib.
Tədbir zamanı Gənclər Fondu tərəfindən Heydər Əliyevlə bağlı hazırlanmış film nümayiş olunub.
Ölkə.Az