Məryəm Ələkbərlinin əsərlərinin sədası dünyanın böyük muzeylərindən gələcək
5.5.2017

İstedadlı gənc rəssam Məryəm Ələkbərli “İntim portretlər” adlı sərgisi üçün ən çox sevdiyi Paris şəhərini seçib. Fransa paytaxtının mərkəzində Sena küçəsində yerləşən “Buci” qalereyasında on beş gün ərzində sənətsevərlərin istedadlı rəssamın əsərlərini seyr etmək imkanı olacaq.

Fərqli baxışları olan azərbaycanlı gənc rəssam maraqlı, qeyri-standart ölçülü nadir əsərləri ilə Fransa paytaxtında incəsənət nümayəndələrinin diqqətini və qəlbini fəth edib. İncəsənət tarixçiləri, tənqidçiləri, yaradıcılığın müxtəlif sahələrini təmsil edən sərgi iştirakçıları istedadlı rəssamın əsərlərini maraqla qarşılayıblar. Onlar gənc rəssamın sadə təsvir manerasına heyranlıqla tamaşa ediblər.

Parlaq rənglərlə canlı modelləri və ya natürmortları kətan üzərinə köçürdən gənc rəssam naturanı təfsir edib əsərinin ruhuna tabe edir. Bununla da rəssamlıqda öz dəst-xəttini yazır. Tonların harmoniyasını incəliklə yaradır və bu da onun rəng seçimindəki yüksək duyumundan və peşəkarlığından xəbər verir. Rəssamlar özləri bəzən onun rəng seçiminin ilahi vergi olduğunu söyləyirlər.

İncəsənət tarixçiləri Məryəm Ələkbərlinin Parisdə təhsil alsa da onun əsərlərində hiss olunan ekspressionizm və ruhun doğma vətənindən gəldiyini vurğulayırlar. Məryəm Ələkbərlini yaradıcılıq və həyat, rəssam instinkti və plastik ifadə arasında mövcud əlaqənin rəmzi kimi xarakterizə edirlər. Onun enerji ilə dolu əsərlərinin qəlbinin səsi olduğu diqqətə çatdırılır. Hər bir əsərinin sevinc himni, daxili aləminin səsi olduğu bildirilir. Onun əsərləri canlı rənglərin improvizasiyası vasitəsi ilə ifadə olunan nostalgiya melodiyası kimi xarakterizə olunur.

İstedadlı rəssam Məryəm Ələkbərlinin heyranedici əsərləri dünyanın bir çox ölkələrində sərgilənib. Dubayda, Moskvada, Romada, Riqada fərdi sərgiləri ilə sənətsevərlərin qəlbini fəth etsə də, Məryəmin ən çox sevdiyi şəhər Parisdir. “Buci” qalereyası 28 ildir məhz müxtəlif ölkələrdən olan və Fransanın tarixini, mədəniyyətini sevən sənətçilərin əsərlərini nümayiş etdirir.

Məryəm kiçik yaşlarından musiqi və rəssamlıqla maraqlanıb. Bakıda incəsənət sahəsində ilk addımlarını atan Məryəm Ələkbərli bu sahədə təhsilini Moskvada davam etdirib. İstedadlı, gənc rəssam Paris Dekorativ ali məktəbinə, sonra İncəsənət ali məktəbinə üz tutub.

İncəsənət tarixçisi və tənqidçisi Janet Zvinjenberjer Parisin mərkəzində Sena küçəsindəki “Buci” qalereyasında gənc rəssam Məryəm Ələkbərlinin vernisajının təşkilinə çox sevindiyini və bundan məmnun olduğunu bildirib. Qeyd edib ki, artıq bir neçə ildir Məryəm Ələkbərli Parisdə yaşayır, fransız mədəniyyətini yaxından tanıyır və Fransa paytaxtının nüfuzlu sərgi salonlarında onun vernisajları keçirilib. Bu dəfə də “Buci” qalereyasında sənətsevərlər onun əsərlərini maraqla qarşıladılar və çox sevdilər. Bu gün nümayiş olunan əsərlərində artıq onun yeni rənglərdən istifadə etdiyini və qum rəngi tonlarına üstünlük verdiyini görürük. Ancaq həmişə işlətdiyi qırmızı, çəhrayı rənglərə də müraciət edib. Məryəmin çox yüksək rəng hissiyyatı var. O, rəngləri incəliklə seçir. Gənc rəssam texnikasında da dəyişiklik edib. Bu əsərlərində Matisin təsiri aydın duyulur.

Qeyd edib ki, fırça ilə çəkilmiş qadın portretləri də özünəməxsusluğu ilə diqqət çəkir. Məryəm çəhrayı, narıncı və tünd qırmızı rənglərdən ustalıqla istifadə edərək qadın dərisinin təravətini incəliklə təsvir edib.

“Məryəm əsərlərində birbaşa və səmimi dili ilə başqasını tamamilə fərqli bir formada dərk etmək zərurətinə də toxunur”, – deyə Janet Zvinjenberjer vurğulayıb.

Zərgərlik üzrə ixtisaslaşmış jurnalist Kyra Brenzinger bildirib ki, artıq bir neçə ildir əsərləri sayəsində Məryəm Ələkbərlini tanıyır. Hər dəfə onun sərgisinin və ya vernisajının təşkil olunduğunu eşidəndə böyük məmnuniyyətlə gəlirəm. Məryəmin yaradıcılığını izləyirəm. Onun rəng seçimini çox sevirəm. Məryəm Ələkbərlinin yaratdığı əsərlər məna və hisslərin dərinliyi ilə seçilir. O, öz daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir.

“Mən Məryəmi Matislə müqayisə edirəm və onun əsərlərində Qogen, Sezan kimi böyük rəssamların da təsiri görünür. Əminəm ki, onun əsərlərinin sədası dünyanın böyük muzeylərindən gələcək. Məryəm buna layiqdir”, – deyə Kira Brenzinger söyləyib.

azertag.az