“Azərxalça” dünya xalçaçılığında müasir Azərbaycan modelidir 5 may - xalçaçıların peşə bayramı günüdür
5.5.2017

Rəngləri sehrli bir aləm, ilmələri nağıl dolu dünya, hər çeşnisi başdan-başa fəlsəfi yozum, kainat, mövcud aləm haqqında dərk olunan və olunmayan hikmət dolu bir sirdir xalça. Hər bir xalça başdan-başa bir ömür dastanı, bir sevgi hekayəsidir. Onun çeşnisində dərin fəlsəfi mənalarla yanaşı, həm də bir həyat rəmzi var. O insan oğlunu zülmətdən işığa, pisliklərdən yaxşılılara, inamsızlıqdan ümidə səsləyir. Bir sözlə xalça paklıq, təmizlik rəmzidir. Xalça həm də bir millətin mübarizə dolu tarixi keçmişini, qədim kimliyini yaşadan, nəsildən-nəslə ötürən qiymətli bir mənbədir.

Sözsüz ki, hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür. Xalçaçılıq isə Azərbaycan mədəniyyətinin bir hissəsidir. Qədim dövrlərdən başlayaraq xalçaçılıq sənəti Azərbaycanda yaşayır və inkişaf edir. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat veriblər. Məhz bunun nəticəsidir ki, bu gün xalılarımız nəyinki dünyanı heyrətdə saxlayır, həm də 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına daxil edilməklə bəşəriyyətin irsi, sərvəti sayılır.

Xalçaçılığa dövlət qayğısı

Respublikamızda xalçaçılığın inkişafına daim dövlət qayğısının olduğu xüsusilə qeyd edilməlidir. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəniyyətin, o cümlədən xalçaçılığın inkişafına daim xüsusi qayğı və diqqət göstərib.

Azərbaycan dövlətinin siyasətində xalçaçılığa münasibət də xüsusi yer tutub və tarixən böyük inkişaf yolu keçib. Ölkə prezidenti İlham Əliyev 7 dekabr 2004-cü il tarixində “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Ölkə başçısı bu qanunun təsdiqindən az sonra, 2005-ci ilin fevralın 7-də “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq etdirilməsi barədə Fərman imzalayıb. Bu sənədlər Azərbaycanda xalçaçılığın inkişaf tarixində yeni səhifələr açmaqla, onun daha da intensiv inkişafına misilsiz töhfə verib.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2016-cı ilin 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət xalçaçılığı inkişaf etdirərək ölkədə bu istiqamətdə güclü sənaye potensialı yaratmağı qarşısına məqsəd qoyub. “Azərxalça” ASC-nin yaradılmasının əsas məqsədlərindən biri məhz xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. Qeyri-neft sektorunun inkişafının prioritet təşkil etdiyi müasir dövrdə dövlət başçısının “Azərxalça”nın yaradılması barədə Sərəncamı xüsusi əhəmiyyət daşıyır. İlk növbədə, bu addım ta qədimdən dünyanı heyran qoyan xalçaçılıq sənətinin yeni layihələrlə zənginləşməsi deməkdir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət Xadimi, professor Vidadi Muradov deyir ki, bu gün biz xarici bazara çoxlu sayda və yüksək keyfiyyətə malik xalçalar göndərsək, onların alıcı marağına səbəb olacağı, həvəslə alınacağı şəksizdir. Xalça həm dünyada Azərbaycanı geniş şəkildə təbliğ etməklə yanaşı, həm də böyük ixrac məhsuludur.

“Azərxalça” filialları ilə əhatəsini genişləndirir

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından biri - Füzuli rayon Horadiz şəhərində artıq tam gücü ilə fəaliyyət göstərir. Ötən il noyabrın 12-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş bu filialda 150 toxucu, 10 nəfər inzibati-texniki işçi olmaqla Füzuli rayonunun kəndlərindən 160 nəfər çalışır. Burada indiyədək 43 dəzgahda qədim Azərbaycan çeşniləri əsasında müxtəlif ölçülü 70-ə yaxın xalça toxunub. Filialda ilk xalçalar 2016-cı il dekabrın 24-də kəsilib. Müəssisədə dəzgahlar Azərbaycan brendidir. Burada hər ay 250 kvadratmetrdən çox xalça toxunması nəzərdə tutulur. 16 rayonunun müxtəlif çeşniləri, tarixi ənənələri əsasında toxunur.

Vidadi Muradov sözlərinə görə, “Azərxalça” Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Tovuz, Qəbələ, Ağstafa, Qazax, Şəmkir rayonlarında yerli icra hakimiyyətləri tərəfindən müəyyənləşdirilmiş ərazilərdə digər filial binalarının tikintisinə başlayıb. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə ASC-nin daha bir filialı isə Şəmkir rayonunda fəaliyyətə başlayacaq. Filialın maddi-texniki bazasının yaradılması, həmçinin xalça dəzgahlarının, ləvazimatlarının hazırlanması, kadrların seçilməsi prosesi başa çatdırılıb, xammal ehtiyatı toplanıb. Burada da Şəmkir rayonundan olan 150 toxucu və 10 nəfər inzibati-texniki işçi daimi iş yeri ilə təmin ediləcək.

V.Muradov deyib: “Ümumiyyətlə, 2017-ci ilin sonunadək – birinci mərhələdə Cəmiyyətin Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax filialları da istifadəyə veriləcək. 2018-2019-cu illərdə - hər ildə respublikanın daha 10 rayonunda filialların yaradılması, bununla da Cəmiyyətin filiallarının ümumi sayının 30-a çatdırılması və 5000-ə yaxın vətəndaşın daimi iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub”.

“Azərxalça” ASC-nin bölgələr üzrə apardığı araşdırmalar, statistik təhlillər göstərir ki, növbəti illərdə xalça istehsalı şəbəkəsinin miqyasını daha da genişləndirmək üçün respublikamız həm xammal, həm də işçi qüvvəsi baxımından geniş potensial imkanlara malikdir.

“Azərxalça” tədris-hazırlıq kursları da təşkil edir

Bütün bunlarla paralel olaraq rayonlarda “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursları fəaliyyət göstərir. Dərslər böyük iş təcrübəsinə malik peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, lazımı avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təchiz edilib. İndiyədək bu kurslarda hazırlıq keçmiş və artıq bu peşəyə tam yiyələnmiş toxucuların sayı 1300 nəfərdən çoxdur. Onlar Cəmiyyətin yerli filiallarında daim işlə təmin olunacaqlar. Qeyd etmək vacibdir ki, respublikamızın hər rayonunda xalçaçılıq sənəti ilə məşğul olmaq istəyənlərin sayı kifayət qədərdir. Bu filiallar yaradılarkən hər bir rayonun məhz yerli kadr potensialına əsaslanır.

Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında təbliği

“Azərxalça” ASC xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələrin genişləndirilməsinə, bununla da Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışır.

“Biz artıq ilk məhsullarımızı “Azərbaycan brendi”olaraq bu il yanvarın 14-dən 17-dək Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq sərgisində əl ilə toxunmuş yeni Azərbaycan xalçalarına dünya bazarlarında tələbatın böyük olduğunu gördük. Bu ”Azərxalça”nın istehsalı olan məhsulların yaxın gələcəkdə xarici ölkələrə intensiv satış imkanlarının mövcudluğunu göstərdi. Bu il sentyabrın 10-dan 13-dək isə Nyu-Yorkda keçiriləcək növbəti beynəlxalq xalça sərgisində “Azərxalça” daha geniş çeşidli istehsal nümunələri ilə iştirak edəcəkdir”, - deyə V.Muradov əlavə edib.

“Azərxalça”nın İdarə Heyətinin sədri vurğulayıb ki, indiyədək cəmiyyətdə xalçaçı-rəssamlar tərəfindən Azərbaycan xalçalarının Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qruplarına aid 300-dən çox xalça çeşnisi hazırlanıb və onların bir qismi istehsalatda tətbiq edilib. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir.

Xalçaçıların peşə bayramı

Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən hər il mayın 5-i “Xalçaçı Günü” peşə bayramı elan edilib. Bu Sərəncam xalçaçı əməyinə verilən yüksək dəyərdir. Dünya ölkələrinin heç birinin təqvimində belə bir tarixi gün təsis olunmayıb. Bu tarixi sərəncamla Azərbaycan xalçaçısının hüquqları bərpa edilib. Bütün dünyaya “qədim xalçaçılıq sənətinin vətəni məhz Azərbaycandır” elan edildi. Xalçanı Azərbaycansız, Azərbaycanı da xalçasız təsəvvür etmək qeyri-mümkündür.

Bu əlamətdar gün münasibətilə bir qrup xalçaçı da sevindirilib. Ölkə başçısının mayın 1-də Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup xalçaçıya “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

“Xalçaçı günü”nün təsis edilməsi və xalçaçıların mükafatlandırılması bu qədim və çətin peşə sahiblərinə, eyni zamanda Azərbaycanın mənəvi sərvətinə, irsinə verilən dəyərin qiymətdir.

azertag.az