Bakıda xüsusi zolaqlarda nəqliyyatın hərəkətinə qoyulan qadağa qüvvəyə minib
5.5.2017

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı yollarında çəkilən xüsusi zolaqlarda qoyulan hərəkət qadağası bu gündən qüvvəyə minib.
Qadağa mayın 25-nə qədər qüvvədə olacaq.
Bu zolaqlara yalnız Oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 24 saat ərzində zolaqlara nəzarət edəcək. Digər maşınlar zolağa girsə, 40 manat cərimə olunacaqlar.
Zolaqlar Ziya Bünyadov prospektindən Atletlər kəndinədək, Bakı Kənarkeçmə yolu (dairəvi), Bakı Atıcılıq Mərkəzində başlayır və Salyan şosesində sona çatır. Salyan şosesi zolağı Kənarkeçmə yolundan Bibiheybət yolunadək, Bibiheybətdən başlayaraq Avropa oyunları parkından keçərək birbaşa Bayraq Meydanına gedən, Neftçilər prospekti zolağı Bayraq Meydanından Bakı İdman Zalına, Qara Qarayevdə bütün yol, Atatürk prospektindəki zolaq isə Ziya Bünyadov prospektindən Vaqif prospektinə qədər, Fətəli Xan Xoyski zolağı Atatürk prospektindən Koroğlu Rəhimov küçəsində yerləşən körpüyə qədər, Hənifə Ələsgərova zolağına Vaqif prospektindən Cəlil Məmmədquluzadə küçəsinə qədər, Tbilisi prospektindəki zolağa Heydər Əliyev adına İdman Arenasının çıxışından Abdulvahab Səmədzadə küçəsinə qədər, Abdulvahab Səmədzadə küçəsindəki zolaq Tbilisi prospektindən Ziya Bünyadov prospektinə qədər, Böyükşor şosesindəki zolaq isə Koroğlu metro stansiyasından Aeroport şosesinin başlanğıcınadək hissəni əhatə edir.
Rayonlardan gələn nəqliyyat vasitələrinin mayın 25-dək şəhərə daxil olmasına müəyyən məhdudiyyət qoyulacaq.
Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

report.az