Nazir: “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi bəşəri prosesə çevrilib”
5.5.2017

“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi bəşəri prosesə çevrilib. Tərəfdaş olan qurumların sayı artıb”.
Bunu Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən “Mədəniyyətlararası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, insanların təhlükəsiz şəraitdə yaşaması, sağlam qidalanması çox önəmlidir.
Ə.Qarayevin sözlərinə görə, mədəniyyət və turizm o sahələrdir ki, insanları birləşdirir, yaxınlaşdırır: “Bu gün həm mədəniyyət, həm də turizm sahəsində əməkdaşlıq edən qurumlar var. Bu il keçirilən forum ötən illərdə keçirilən forumlardan fərqlənir. Bu il ilk dəfə olaraq beynəlxalq təşkilatların toplantısı keçiriləcək. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva da foruma qoşulacaq. Forum çərçivəsində ilk dəfə olaraq müxtəlif ölkələrin parlament üzvləri bir araya gələcək, müzakirələr aparacaqlar. Bu təşəbbüslər yenilikdir. Birinci forum 2011-ci ildə keçirilmişdi, 40 ölkə iştirak etmişdi. Bu il keçirilən foruma isə 120-dən çox ölkənin nümayəndəsi qatılıb. Forum maraqlı platformaya çevrilib. Müxtəlif təşkilatların, ölkələrin marağına səbəb olub”.
O bildirib ki, bu forum BMT-nin televiziyasında və saytında canlı yayımlanacaq.

report.az