"Bakcell" Cocuq Mərcanlıda şəbəkəsini gücləndirib
5.5.2017

Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirməyə başlayıb.

Qeyd olunan təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlının bərpası işlərində çalışan insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri aparılıb.

“Məqsədimiz Azərbaycanın hər bir bölgəsində yaşayan "Bakcell" abunəçilərini keyfiyyətli və sərfəli mobil rabitə xidməti ilə təmin etməkdir. Cəbhə bölgələrində yaşayan əhalinin keyfiyyətli mobil rabitəyə olan xüsusi tələbatını nəzərə alaraq "Bakcell" bu ərazilərdə şəbəkənin keyfiyyətini daim xüsusi nəzarətdə saxlayır. Bununla yanaşı, şirkət Cocuq Mərcanlıya köçürüləcək əhaliyə yüksək keyfiyyətli mobil rabitə xidmətlərini xüsusi güzəştli şərtlərlə təqdim etməyi planlaşdırır”, - deyə "Bakcell"in baş icraçı direktoru Nikolai Bekers bildirib.
Qeyd edək ki, hazırda "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

report.az