ABŞ-ın Con Hopkins Universitetinin tədqiqatçıları günəşin təsiri altında edilən idman məşğələlərinin ürək sağlamlığına müsbət təsir göstərdiyini aşkar ediblər. Onlar belə qənaətə gəliblər ki, idman və normal səviyyədə D vitamininin qarşılıqlı əlaqəsi ürək tutması və infarkt riskini azaldır. “Clinical Endocrinology & Metabolism” jurnalında dərc olunan nəticələrə əsasən, araşdırmanın müəllifləri 10 min nəfərdən çox ürək-damar xəstəsinin sağlamlıq vəziyyətlərini öyrənərək onların üzərində təcrübə aparıblar. Xəstələrin qanındakı D vitaminin səviyyəsi ölçülərək onların hər birinin idman məşğələlərinə gündəlik sərf etdikləri vaxt və fiziki yüklənmələri barədə hesabat öyrənilib.
Tədqiqatlar zamanı qandakı D vitamininin səviyyəsi ilə idman məşğələləri arasında əlaqə üzə çıxıb. İdmanla daha çox məşğul olanların qanında D vitamininin səviyyəsi yüksək olub. Qanda D vitamininin miqdarı çox olanlarda ürək-damar xəstəliyi riskinin minimuma endiyi müəyyənləşib. Qanında 20 nanoqram/millilitrdən artıq D vitamini olanların ürək-damar xəstəliyi riski fiziki aktivliyi kifayət qədər olmayanlardan 23 faiz azdır. Araşdırma nəticəsində aşkar edilən ən təəccüb doğuran fakt ondan ibarət olub ki, qanında D vitamini səviyyəsinin azlığına baxmayaraq, idmanla məşğul olanlarda ürək-damar xəstəliyi riski aşağıdır.
azertag.az