5 may dünya birliyi Əlillərin Hüquqları Uğrunda Beynəlxalq Mübarizə Gününü qeyd edir.
Bu günün tarixi 1992-ci il mayın 5-dən başlanır. Həmin gün fiziki imkanları məhdud olan insanlar Avropanın 17 ölkəsində eyni vaxtda əlillərin hüquq bərabərliyinə riayət edilməsi uğrunda və fiziki, ruhi və ya sensor məhdudiyyətləri olan insanlara münasibətdə ayrı-seçkiliyə qarşı mübarizə günü keçirib.
2006-cı il dekabrın 13-də XXI əsrdə insan hüquqları sahəsində ilk hərtərəfli müqavilələrdən biri - Əlillərin Hüquqları barədə BMT-nin Konvensiyası imzalanmaq üçün açıq elan edildi. Bu sənəd 50 dövlət tərəfindən ratifikasiya ediləndən sonra 2008-ci il mayın 3-də qüvvəyə minib. Azərbaycan Əlillərin Hüquqları barədə Konvensiyaya 2008-ci il oktyabrın 2-də qoşulub.
Hər il Əlillərin Hüquqları Uğrunda Beynəlxalq Mübarizə Günündə dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da müxtəlif aksiyalar, çoxsaylı xeyriyyəçilik və maarifçilik tədbirləri, xüsusi konfranslar keçirilir.
azertag.az