Cari il ərzində məşğulluq xidmətləri sistemi avtomatlaşdırılacaq
5.5.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin elektron müstəvidə şəffaflaşdırılması istiqamətində aparılan islahatların növbəti mərhələsi kimi, nazirliyin məşğulluq xidmətləri və işsizlik müavinəti sisteminin də avtomatlaşdırılması işləri aparılır.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuatda dərc edilmiş “Vətəndaşın rifahını iqtisadi tərəqqinin əsas məqsədinə çevirən sosial inkişaf doktrinası” adlı məqaləsində bildirib.

Nazir qeyd edib ki, artıq bu işlər yekunlaşmaqdadır: “Yeni elektron sistem işsiz və işaxtaran vətəndaşların münasib iş yeri ilə təminatı və əmək bazarında işçi qüvvəsinə tələbin ödənilməsi işinin daha səmərəli və çevik təşkilinə imkan yaradacaq”. S.Müslümov diqqətə çatdırıb ki, ümumilikdə, nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, əhaliyə məşğulluq xidmətlərinin də müasir əsaslar üzərində və daha səmərəli təşkili yönündə cari il ərzində lazımi tədbirlərin görülməsi təmin ediləcək.

S.Müslümov həmçinin müasir informasiya texnologiyalarının tətbiqi ilə əhaliyə göstərilən sosial xidmətlərin təkmilləşdirilməsi, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi üçün son illərdə görülən işlərdən bəhs edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif fəaliyyət sahələri üzrə 30-dək elektron xidmətin əhalinin istifadəsində olduğunu qeyd edən S.Müslümov 2016-cı il ərzində bu elektron xidmətlərdən 6,5 milyon dəfə istifadə edildiyini bildirib: “Ötən il ərzində “Elektron hökumət” portalında elektron xidmətlərdən ən çox istifadə olunan dövlət qurumu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub”.

azertag.az