Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərini izləmək istəyən əlil tamaşaçılar üçün xüsusi avtobuslar ayrılacaq.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
"IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı əlil tamaşaçılar metronun “Gənclik” stansiyasından İctimai Nəqliyyat Terminalına (İNT) çatdırılacaqlar. Mərasim bitdikdən sonra isə İNT-dən həmin tamaşaçılar eyni istiqamətdə geri daşınacaqlar ", - deyə M.Ağayev əlavə edib.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından İctimai Nəqliyyat Terminalına (İNT) çatdırılacaq. Mərasim bitdikdən sonra isə İNT-dən tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətdə - “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” metro stansiyalarına daşınacaq. Açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların ekspress xətlər vasitəsilə daşınması ödənişsiz olacaq.
3 ekspress xəttinin təşkili məqsədilə 228 avtobus cəlb ediləcək. Zərurət yaranacağı təqdirdə, ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda olaraq saxlanılacaq. Açılış və bağlanış mərasimləri günlərində 3 ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyi və "Bakı Metropoliteni" QSC əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərəcək.
report.az