Bu gün Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində ölkəmizin 17 ali məktəbinin 300-dən yuxarı tələbə və magistrantının iştirak etdiyi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda 11-ci olimpiadanın yekun mərhələsi keçirilib.
Nazirlikdən verilən məlumata görə, vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov Olimpiada iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb, olimpiadanın tələbə və magistrantların vergi sahəsində biliklərinin formalaşmasına böyük fayda verdiyini qeyd edib.
Sonra olimpiadanın yekun mərhələsinin iştirakçıları Tədris Mərkəzi tərəfindən hazırlanmış xüsusi test bazası əsasında vergilər sahəsində öz biliklərini yoxlayıblar. Yekun mərhələ üçün bakalavrlara vergi qanunvericiliyi fənni üzrə 50, magistrlərə isə vergi qanunvericiliyi fənni üzrə 50, vergi inzibatçılığı fənni üzrə 25 sual olmaqla ümumilikdə 75 sualdan ibarət olan fərdi test bazası hazırlanıb. Olimpiada onlayn rejimdə keçirilib.
Test başa çatdıqdan sonra qonaqlar Tədris Mərkəzi və orada yerləşən Vergi Muzeyi ilə tanış olub, dərs prosesinin gedişatını izləyiblər.
Nəticələr münsiflər heyətinin iştirakı və nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə müəyyən edilib.
Olimpiadanın nəticələrinə yekun vuran Ə.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən insan resurslarının inkişafına xüsusi diqqət yetirilir, qəbul edilən dövlət proqramlarında, milli strategiyalarda və fəaliyyət planlarında dövlət orqanlarının əməkdaşlarının potensialının inkişaf etdirilməsi əsas məsələlərdən biri kimi qarşıya qoyulub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da “bilik iqtisadiyyatına” keçidin əsaslarından biri kimi insan kapitalının inkişafının ön plana çəkildiyi qeyd edilib.
Ənənəvi olaraq hər il keçirilən olimpiadanın təşkilində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan tələbələrin vergi sahəsində biliklərinin artırılması, bilik səviyyəsi yüksək olan tələbələrin müəyyən edilməsi, gələcəkdə vergi sahəsi üzrə mütəxəssisərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir. Qeyd olunub ki, ulu öndərin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda olimpiadanın ilkin seçmə mərhələsi cari ilin aprel ayının 16-da Bakı şəhərinin ali məktəblərinin və Sumqayıt Dövlət Univerisitetinin tələbələri üçün Azərbaycan Dövlət İqtisad və Azərbaycan Universitelərində, Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Dövlət Universitetində, digər şəhərlər üzrə Mİngəçevir Dövlət Universiteti və Gəncə Dövlət Universitetində, 17 aprel tarixdə isə Lənkəran Dövlət Universitetində keçirilib. Bu mərhələdə Bakı və Sumqayıt şəhərləri üzrə 193, Naxçıvan Muxtar Respublikasının ali məktəbləri üzrə 22, Lənkəran Dövlət Universitetindən 37, Gəncə Dövlət Universitetindən 32, Mingəçevir Dövlət Universitetində isə 37 tələbə olmaqla, ümumilikdə 321 tələbə iştirak edib. İmtahan şəffaf şəraitdə keçirilməklə nəzərdə tutulan mövzular əsasında Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən hazırlanmış 50 test sualı üzrə 90 dəqiqə davam edib və vaxtında başa çatdırılıb. Imtahanın gedişatına vergi orqanlarının məsul şəxsləri nəzarət edilib və nəticələr qiymətləndirilmə üçün Vergilər Nazirliyinin Tədris Mərkəzinə verilib. Olimpiadanın ilkin mərhələsindən uğurla keçmiş 61 nəfər bakalavr və magistr yekun mərhələdə iştirak etmək hüququ qazanıblar.
Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəhbəri Əli Həsənov bütün iştirakçılara minnətdarlıqlarını bildirib, ən yüksək nəticə göstərmiş tələbə və magistrantların, həmçinin onların müəllimlərinin adlarını elan edərək, qalibləri təbrik ediblər.
Tələbələr arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:
1-ci yer
Cəfərov Zeynalabdin Qabil oğlu (Naxçıvan Dövlət Universiteti)
2-ci yer
Cəbrayılov Muxtar Cəbrayıl oğlu (UNEC)
3-cü yer
Musayev Pərvin İmran oğlu (Sumqayıt Dövlət Universiteti)
Magistrantlar arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:
1-ci yer
Məmmədli Qənbər Əbdüləli oğlu (Naxçıvan Dövlət Universiteti)
2-ci yer
Süleymanova Əmmənsə Qafar qızı (Naxçıvan Dövlət Universiteti)
3-cü yer
Vəliyev Aqil Etibar oğlu (Naxçıvan Dövlət Universiteti)
trend