Mayın 5-də Dövlət Film Fondunda “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Əməkdar İncəsənət xadimləri Cəmil Quliyev milli kinomuzun inkişafında ulu öndər Heydər Əliyev müstəsna xidmətləri olduğunu bildirib.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi, “Azərbaycanfilm”in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə bir çox mühüm işlər görülür.
Azərbaycan kinosunun böyük bir dövr inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Xalq artistləri Rafiq Qəmbərov, Oqtay Mirqasımov və başqaları deyiblər ki, bir sıra filmlərimizin yaranmasında ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.
Tədbirdə Heydər Əliyev şəxsiyyətini əks etdirən sənədli filmlərdən fraqmentlər nümayiş olunub.
azertag.az