“Xəzər virtuozları” orkestri Vyana səhnəsində
8.5.2017

Mayın 7-də Vyananın “Konzerthaus” mədəniyyət evində “Xəzər virtuozları” orkestri klassik konsert proqramı ilə çıxış edib.

Avstriyanın ən mükəmməl akustikaya malik “Motsart zalı”nda keçirilən konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.

Vyana Konservatoriyasının tələbəsi Mustafa Mehmandarovun bədii rəhbərliyi və dirijorluğu ilə keçən konsertdə bəstəkarlar Antonio Vivaldı, Fikrət Əmirov, Aqşin Əlizadə, Dmitri Şostakoviç, Yohann Sebastian Bax, Yohann Bramsın əsərləri səsləndirilib. Konsertdə solistlər Boris Kuşnir və Anar İbrahimovun (hər ikisi violin) mükəmməl ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Almaniyanın Cənubi Vestfaliya Filarmoniyasının konsertmeysteri, beynəlxalq müsabiqələr laureatı Anar İbrahimovun quruluşunda A.Vivaldinin “Dörd fəsil” konsertlər dəstinin özünəməxsus interpretasiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Anşlaqla keçən konsertin sonunda tamaşaçılara təşəkkürünü çatdıran Anar İbrahimov bu konsertin ərsəyə gəlməsində göstərdiyi dəstəyə, diqqət və qayğıya görən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya minnətdarlığını bildirib, bu kimi layihələrin ənənəvi olacağına ümid bəslədiyini qeyd edib. O, həmçinin Vyana Konservatoriyasının professoru, görkəmli pedaqoq və violin ifaçısı Boris Kuşnirə öz tələbələri ilə eyni səhnəni bölüşdüyünə və bu konsert layihəsinə qoşulduğuna görə təşəkkürünü bildirib.

Tamaşaçıların israrlı təkidi ilə orkestr daha bir neçə əsər səsləndirib. Musiqiçilər Astor Piazzollanın “Oblivion” əsərini qarşıdan gələn Beynəlxalq Analar Gününə həsr ediblər.

Vyana Prayner Konservatoriyasında dirijorluq fakültəsində təhsil alan gənc azərbaycanlı musiqiçi Mustafa Mehmandarovun təsis etdiyi “Xəzər virtuozları” orkestri repertuarında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinə geniş yer verir. Orkestrin hədəfləri Avropada təhsil alan gənc və talantlı azərbaycanlı musiqiçiləri bir araya gətirmək və klassik Azərbaycan musiqiçisini avropalı musiqisevərlərə yaxından tanıtmaqdır.

Qeyd edək ki, layihə çərçivəsində “Xəzər virtuozları” orkestri Vyanada ilk diskini də buraxacaq. Diskdə A.Vivaldinin “Dörd fəsil” və F.Əmirovun “ Miniatürlər” əsəri yer alacaq.

azertag.az