Mayın 9-da Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib.
“Eurovision-2017” şousunun aparıcıları Oleksandr Skiçko, Vladimir Ostapçuk və Timur Miroşniçenko mötəbər layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar.
Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdiriblər.
On səkkiz ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci İsveç təmsilçisi Robin Benqtson daha sonra Gürcüstandan Tamara Qaçeçiladze, Avstraliyanın istedadlı müğənnisi İsayah, Albaniyadan Lindita, Belçikadan Blanke, Monteneqrodan Zlavko Kaleziç, Finlandiyadan Norma Yon, Azərbaycandan Dihaj, Portuqaliyadan Salvador Sobral, Yunanıstandan Demi, Polşadan Kasiya Mos, Moldovadan "Sunstroke" qrupu, İslandiyadan Svala, Çexiyadan Martina Barta, Kiprdən Hoviq, Ermənistandan Artsvik, Sloveniyadan Ömər Naber və Latviyadan Triyana Park öz ifalarını təqdim ediblər.
Konsertdə diqqəti çəkən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş olunan hər bir ölkənin görüntülərində əsrarəngiz,məqamların təqdim edilməsi idi.
Yarımfinal mərhələsində iştirak edən 18 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb.
Birinci yarımfinalda 18 ölkə təmsilçisindən finala vəsiqə qazanan 10 ölkənin sıra ardıcıllığı belədir: Moldova, Azərbaycan, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika.
Canlı şoudan dərhal sonra qalib ölkələrin təmsilçiləri mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar.
Müsabiqənin birinci yarımfinalı dünyanın 50-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Milyonlarla televiziya tamaşaçısı isə bu möhtəşəm şounu ekran qarşısında izləmək şansı əldə edib.
azertag.az