Qorxmaz Əlili 58 yaşını qeyd edir
15.10.2012

Bu gün sevilən aktyor, parodiyaçı Qorxmaz Əlilinin doğum günüdür.

Qorxmaz Məmməd oğlu Əlili 1958-ci il oktyabrın 15-də Bakıda anadan olub.

Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlayıb.1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyoru fakültəsini bitirib.

Qorzmaz Əlili 1985-ci ildə Miniatür teatrını yaradıb. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.

1970-1980-cı illərdə Qorxmaz Əlilinin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirib.

O, 1983-cü ildə respublikada keçirilən estrada artistləri müsabiqəsinin laureatı olub. Qorxmaz Əlili sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanıb.1985 və 1987-ci illərdə o, beynəlxalq estrada artistlərinin müsabiqələrində iştirak edib və bu müsabiqələrin laureatı adını alıb.

Tanınmış estrada aktyoru 1990-cı ildə Azərbaycan Estrada Teatrını yaradıb. O, bu teatrın bədii rəhbəri və direktorudur.

Qorxmaz Əlilinin Azərbaycanda gənc istedadların aşkara çıxarılmasında da çox böyük əməyi var. Bu gün səhnədə olan bir çox müğənnilər onun təşkilatçılığı ilə uzun illər keçirilmiş “7-17” müsabiqəsində və özünün “Şou Əlili” adlı əyləncəli proqramında formalaşaraq tamaşaçıların rəğbətini qazanıb.

Q.Əlili 1991-ci ildə ilk dəfə olaraq “Oxşarlar” festivalını keçirib.

O, 1992-ci ildə ilk dəfə olaraq respublika meyxana müsabiqəsini keçirib. 1999-cu ildə isə onun rəhbərliyi altında II Respublika Meyxana Müsabiqəsi keçirilib.

1993-cü ildə “Evlənmək istəyirəm” (R.İçərişəhərli), “Silindr” (E.Deflippo) və digər estrada tamaşalarını yaradıb (bədii rəhbər) və burada baş rollarda oynayıb.

Qorxmaz Əlili həm estrada artisti, həm konfransye, həm şoumen (Aərbaycanın ilk şoumeni), həm də müğənni kimi fəaliyyət göstərir. Belə ki, F.Əmirovun “Şeyx Sənan” operasında Kor Ərəbin mahnısı, C.Cahangirovun “Füzuli” kantatası, Eldar Mansurov, Rauf Məmmədov, Xanım İsmayılqızı, Nadir Əzimov və s. bəstəkarların mahnılarının ilk ifaçısıdır. Bundan əlavə o, Azərbaycan futboluna həsr etdiyi “Yaşa futbol” adlı mahnının (Rauf Məmmədovun) ilk ifaçısıdır.


Gün.Az