Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru, IV İslam Həmrəyliyi Oyunları zamanı Nəqliyyat sisteminin tənzimlənməsi və idarə olunması üzrə Koordinasiya Şurasının sədri Vüsal Kərimli və Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrini idarə edən sürücülərlə görüşüb.
Görüşdə prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı, həmçinin birinci vitse-prezident və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Oyunların hazırlığı üçün çox ciddi və böyük işlərin görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, artıq əminliklə deyilə bilər ki, ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır.
Tədbiri giriş sözü ilə açan R.Zeynalov Oyunların nəqliyyat əməliyyatlarına cəlb edilən sürücülərə yol hərəkəti qaydalarına əməl etmələri barədə, eyni zamanda onlara tapşırılan missiyanı yerinə yetirərkən əsl vətəndaşlıq mövqeyindən çıxış etmələri ilə bağlı tovsiyələrini verib. Baş İdarə rəisi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində sürücülərin üzərinə daha böyük məsuliyyət düşdüyünü xatırladıb. Diqqətə çatdırıb ki, bu işdə yol-patrul xidmətinin əməkdaşları sürücülərə dəstək olacaq. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə qarşıda duran vəzifələri yerinə yetirmək üçün yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək.
Öz növbəsində, BNA-nın baş direktoru Əməliyyat Komitəsi tərəfindən rəhbərlik etdiyi quruma həvalə edilən nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində bütün lazımi tədbirlərin icrasının təmin edildiyini diqqətə çatdırıb. V.Kərimli qeyd edib ki, Oyunlar müddətində nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi məhz sürücülərin müəyyən edilmiş vəzifə və funksiyalarını tam məsuliyyətli, ən əsası isə yüksək peşəkarlıqla həyata keçirməsindən asılıdır: "Qarşıdakı günlərdə atletlər və onların məşqçilərinə göstəriləcək nəqliyyat xidmətlərinin keyfiyyətinin məhz yüzlərlə sürücü arasından seçilmiş bu şəxslərin peşəkar fəaliyyətindən asılıdır. Peşəkar bacarıqlarla yanaşı, qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirilməsi baxımından vacib olan digər bir önəmli məqam yüksək vətənpərvərlik hisslərimizdir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanımızın tarixində növbəti bir parlaq qələbə kimi qalması, bu Oyunların böyük idman bayramına çevrilməsinə öz töhfəmizi vermək üçün əsl vətəndaşlıq mövqeyindən çıxış edərək birgə səylərimizi səfərbər etməliyik. Çünki bu yarışlarda da ürəklə iştirak edib, dostluq, həmrəylik bacarıqlarımızı ortaya qoyub ölkəmizin nüfuzunun daha artmaq hər birimizin mənəvi borcudur. Bu gün tutduğumuz vəzifədən asılı olmayaraq hər birimizi IV İslam Həmrəyliyi oyunlarının bir parçasıyıq və bu bir dəyərdir. Düşünürəm ki, Oyunların bir parçası olmaq böyük qürurdur".
IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nəqliyyat şöbəsinin rəhbəri Vüsal Rəcəbli də eyni fikirdə olduğunu deyib. O, müvafiq dövlət qurumlarının koordinasiyalı fəaliyyəti sayəsində paytaxtın nəqliyyat sisteminin də artıq "Bakı-2017" üçün tam hazır vəziyyətə gətirildiyini bildirib.
Görüşdə sürücüləri maraqlandıran suallar da cavablandırıb. Atletlərin daşınması zamanı ortaya çıxa biləcək maneələrin dərhal aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib.
ölkə.az