Bu gün “Bakcell” şirkəti ilə dünyanın məşhur klublarından olan “Mançester Yunayted” arasında tərəfdaşlığa həsr olunmuş tədbir keçirilib.
Üçillik tərəfdaşlıq müqaviləsi çərçivəsində “Bakcell” şirkəti MDB məkanında “Mançester Yunayted”ın ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq komandanın ölkədəki azarkeşlərinə və 2.6 milyondan artıq “Bakcell” abunəçisinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edəcək.
“Bakcell” eyni zamanda məşhur olan futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir.
“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer tədbirdə deyib ki, Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” daim ilklər şirkəti olub və dünyanın bir nömrəli futbol brendi olan “Mançester Yunayted”lə əməkdaşlıq bunun daha bir əyani sübutudur.
Onun sözlərinə görə, “Bakcell” tək Azərbaycanda yox, bütün MDB məkanında dünyanın ən böyük futbol klublarından biri ilə əməkdaşlıq edən ilk şirkətdir.
R.Şirer bildirib ki, “Bakcell”-in rəsmi “Mançester Yunayted”mobil xidmətlər paketinin abunəçiləri klubun ən son xəbərləri, son oyunların video-görüntüləri, rinqtonlar, divar kağızları və s. əldə edəcəklər: “Bakcell, həmçinin klubun rəsmi “MUTV” televiziya kanalını Azərbaycanda yaymaq hüququna malik olub, futbol azarkeşlərinə futbolçuların son müsahibələri və səhnəarxası çəkilişlərini izləmək imkanını verəcək”.
R Şirer onu da qeyd edib ki, “Bakcell” “Mançester Yunayted”i azərbaycanlı azarkeşlərə yaxınlaşdırır.
Klubun əlaqələr üzrə direktoru Nik Hamfreys Azərbaycan xalqına təşəkkürünü bildirib:
“Bizi Azərbaycanda çox isti qarşıladılar. Klub olaraq bizim çox böyük ənənə və tariximiz var. Biz tarix boyu innovativ olmuşuq. “Bakcell” kimi yenilikçi şirkətlə tərəfdaşlıq qurmaqdan məmnunuq. İlk dəfə olaraq biz Azərbaycanda belə bir tərəfdaşlıq müqaviləsi imzaladıq. Bizim üçün azarkeşlərimiz önəm daşıyır. Azərbaycanda olan azarkeşlərimiz “Bakcell” kimi şirkətin etibarlı əllərindədir. Biz klubumuzla bağlı eksklüziv xəbərlərimizi “Bakcell” müştərilərinə və azərbaycanlı azarkeşlərimizə verəcəyik.
Bir vaxtlar klubun qapısını qorumuş, əfsanəvi Peter Şmeyxel Bakıda qarşılandıqlarından razılığını bildirib.
“Mən oynadığım zaman Azərbaycana ilk səfərimdir. Heç vaxt Azərbaycan komandaları ilə oynamamışam. Uşaqlıqdan “Mançester Yunayted”in azarkeşi olmuşam. Uşaqlıq arzumu yerinə yetirdim, öz istədiyim klubda oynaya bildim. Bu nadir hallarda baş verir. Azərbaycan azarkeşlərinə mənim durduğum şeyləri hiss etməyə imkan verəcək”.
Gün.Az