"Heydər zirvəsi"nə yürüş başa çatıb
10.5.2017

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Heydər zirvəsi”nə yürüş təşkil edilib.
Yürüşdə alpinizm klublarının üzvləri ilə yanaşı, respublikanın aparıcı media nümayəndələri də iştirak ediblər.
Qubanın Xınalıq kəndindən yola çıxan iştirakçılar yürüşün birinci mərhələsini Şahdağ Milli Parkının ərazisində yerləşən düşərgədə başa vurublar. Növbəti gün səhər tezdən ikinci mərhələyə start verilib.
Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Nizami Mursaqulov bildirib ki, iştirakçılar Böyük Qafqazın Qızıl Qaya massivində yerləşən, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə olan “Heydər zirvəsi"nə təxminən 2 saatlıq piyada yol qət etdikdən sonra çatıblar: "Bura isə yolun ən çətin hissəsi hesab olunur. İki qayanın arası ilə gedən yolda hər an yuraxıdan daş qopa bilər. Relyefin mürəkkəb, marşrutun çətin olmasına baxmayaraq, böyük əzm və güclü iradə nümayiş etdirən 74 nəfərdən ibarət heyət zirvəyə çata bilib".
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, "Heydər zirvəsi"nə yürüşlər davam edir. Zirvəyə qaçış üzrə açıq respublika çempionatı da keçiriləcək.



report.az