Uşaqlar və böyüklər üçün faydalı qida
10.5.2017

Yazda süfrədə ilk görünən meyvə çiyələkdir, tərkibi sadə şəkərlər, salisil turşusu və vitaminlərlə zəngindir. Onunla qidalanmaq həm uşaqlar, həm də böyüklər üçün xeyirlidir. Çiyələk bağırsaqlarda olan toksinləri, ağır metallar və digər zəhərli maddələri özünə birləşdirərək orqanizmdən xaric edir. Çiyələk ildə iki dəfə - yazda və payızda məhsul verir və onu hər vaxt yemək orqanizm üçün faydalıdır.

Lakin çiyələkdən istifadə zamanı bəzi qaydaları gözləmək lazımdır. Yaz vaxtı müxtəlif çiçək tozcuqları onun üzərinə yığılması allergik reaksiyalara səbəb olur. Torpaqla çox bağlı olduğundan onun səthində mikroorqanizmlər və qurd yumurtaları toplanır. Çiyələyin allergik təsirini azaltmaq və üzərindəki patogen mikroorqanizmləri və qurd yumurtalarını məhv etmək üçün onu təmiz yumaq, meyvələri sodalı su ilə təmizləmək lazımdır. Yeməzdən əvvəl çiyələyi tərkibində kalsium olan təbii süd məhsulları ilə qarışdırmaqla diş və dırnağı qorumaq olar. Buna əməl etmədikdə dişlərdə olan kalsium yuyulur və kariyes baş verir.

Duzların oynaq və böyrəklərdə çökməsinin qarşısını almaq üçün çiyələyin saplaqlarından 1-2 xörək qaşığı 300-400 ml qaynar suda dəmlənilərək gün ərzində içilir. Çiyələk mövsümü qurtarandan sonra qurudulmuş saplaqlardan da istifadə etmək olar.

Çiyələyi acqarına yemək mədəni qıcıqlandıra bilər və onu süd məhsulları ilə qarışdırıb qəbul etmək daha yaxşıdır.

Çiyələk mövsümünü uzatmaq üçün meyvəni kiçik porsiyalarla dondurmaq olar, lakin buzu açılandan sonra onu ikinci dəfə dondurmaq olmaz. Qurudulanda çiyələyin ətri olmasa da, vitaminlərin çox hissəsi saxlanılır.

azertag.az